Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 21:32
Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov qarşı tərəfə İranın dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən üzr istənilməsinin, məsələyə dair izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
Qırğız naziri Azərbaycan Respublikasının ərazisinə qarşı dron hücumlarının narahatlıq doğurduğunu, ölkəmizlə həmrəy olduğunu bildirib. Bu kimi hücumların regionda gərginliyin daha da artmasına xidmət etdiyi vurğulanıb.
Yaxın Şərqdə mövcud vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması, diplomatik səylərin artırılması və bu çərçivədə beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin vacibliyi qeyd olunub.
Nazir Ceenbek Kulubayev İranda olan Qırğız vətəndaşlarının Azərbaycan Respublikasının ərazisindən tranzit keçidinə yaradılmış şəraitə görə ölkəmizə təşəkkür edib, operativ dəstəyin yüksək qiymətləndirildiyi bildirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılılıq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.