Çərşənbə, 11 Mart, 2026
Tarix: 11 Mar 2026 15:38
Getdikcə daha çox ölkə münaqişələrə cəlb olunur. Artıq biz bunu bir neçə ildir davam edən uzunmüddətli bir tendensiya kimi müşahidə edirik. APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumu ilə bağlı mətbuat konfransında deyib. “Birləşmiş Millətlər Təşkilatı sistemi üzərində qurulmuş beynəlxalq sistem əvvəlkindən daha az təsirli görünür. Bunun səbəbi qərarların icra olunmasında zəiflik və lazım olan islahatları həyata keçirməkdə yaranan yeni çətinliklərdir. Bu, bu gün hamımızın müşahidə edə biləcəyi bir reallıqdır.
Məhz buna görə belə bir forum və belə bir təşkilat indiki şəraitdə qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün böyük bir imkan yaradır. Bu format sayəsində müxtəlif sahələrdən, müxtəlif təcrübə və biliklərə malik 350 şəxsiyyət bir araya gəlir. Onlar birlikdə oturur, bir-birini dinləyir və qarşılıqlı anlaşmanı inkişaf etdirməyə çalışırlar. Bu isə ən yaxşı qərarları qəbul etmək və daha ədalətli, daha proqnozlaşdırıla bilən bir dünya qurmaq üçün başlanğıc nöqtəsidir.
Sonda bu mərhələdə vurğulamaq istədiyim son məqam budur: əgər biz beynəlxalq ictimaiyyətin bir hissəsi kimi üzərimizə düşəni etməyə sadiqiksə, özümüzə üç sual verməliyik və mümkün cavablar üzərində düşünməliyik.
Birincisi, beynəlxalq ictimaiyyət olaraq biz birlikdə nə etmək istəyirik? Birlikdə nəyə nail olmaq istəyirik? Qarşımızda iqlim dəyişikliyi, iqtisadi inkişaf və qlobal təhlükəsizlik kimi bir çox çağırışlar var. Biz birlikdə necə çalışmaq istəyirik? Əməkdaşlıq etmək istəyirikmi, yoxsa yox?
İkincisi, biz qərarları birlikdə necə qəbul edirik? Bu isə beynəlxalq idarəetmə məsələsi ilə bağlıdır. Çoxtərəfli sistem və xüsusilə də Birləşmiş Millətlər Təşkilatı haqqında çox danışmaq olar.
Üçüncüsü, birlikdə etdiklərimizi necə maliyyələşdiririk? Beynəlxalq səviyyədə ədaləti daha çox necə təmin edə bilərik?
Düşünürəm ki, bu gün və qarşıdakı günlərdə bütün bu mövzular haqqında dərin fikir mübadiləsi aparmaq imkanı əldə edəcəyik. Ümid edirəm ki, bu söhbətlər hamımıza qarşılaşdığımız problemləri daha yaxşı anlamağa və gələcək üçün daha çox ümid və nikbinlik yaratmağa kömək edəcək”, - Şarl Mişel qeyd edib.
Toğrul Quluzadə Avropa İttifaqı Şurası Şarl Mişel XIII Qlobal Bakı Forumu