Seragəldin: Qlobal Bakı Forumu elə bir vaxtda keçirilir ki, iştirakçılarımızın müdrikliyinə çox ehtiyac var

Tarix: 11 Mar 2026 15:26

Budəfəki Qlobal Bakı Forumu çox xüsusi əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu Dünya Bankının sabiq vitse-prezidenti Dr. İsmayıl Seragəldin XXIII Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

“Baxmayaraq ki, biz Bakıda Novruz ərəfəsində artıq 30-cu dəfə toplaşırıq, bu dəfə vəziyyət çox fərqlidir. Dünya müharibələrlə üz-üzədir və təkcə keçid dövründən deyil, həm də bir qırılma mərhələsindən keçir. Qaydalara əsaslanan çoxtərəfli beynəlxalq nizam çox ciddi, hətta bəlkə də ölümcül zərbə alıb. Ən azı aydındır ki, biz yeni bir dövrə daxil olmuşuq. Bu dövrdə sadəcə keçmiş üçün darıxmaq və XX əsr üçün qurulmuş institutlara qayıtmağa çalışmaq kifayət deyil.

Əslində biz XXI əsrin problemləri ilə mübarizə aparmaq üçün çoxtərəfliliyə yeni yanaşma qurmalı və bunu yenidən formalaşdırmalıyıq. Bu problemlər siyasi, hərbi, ekoloji, humanitar, inkişafla bağlı və digər sahələrə aid ola bilər”, - o deyib.

İsmayıl Seragəldinin sözlərinə görə, bütün bunlar insan hüquqları, bərabərlik, yoxsulluq və aclığın aradan qaldırılması, ətraf mühitin qorunması, bir-birimiz qarşısında məsuliyyət, insan həmrəyliyi, biomüxtəlifliyin qorunması və su təhlükəsizliyindən tutmuş qida təhlükəsizliyinə qədər bir çox sahədə ən yüksək dəyərlərə sadiqlik tələb edir:

“Bununla yanaşı, biz hazırkı böhranlarla mübarizə aparmaq üçün institutları yenidən təşkil etməli və eyni zamanda gələcəyin strategiyaları üçün təməl yaratmalıyıq.

Məhz buna görə düşünürəm ki, bu Qlobal Bakı Forumu elə bir vaxtda keçirilir ki, iştirakçılarımızın təcrübə və müdrikliyinə hər zamankından daha çox ehtiyac var”.

Toğrul Quluzadə dünya qlobal forum müharibə su biomüxtəliflik

Xəbər Lenti