Çərşənbə, 18 Mart, 2026
Tarix: 18 Mar 2026 17:52
“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək təşəbbüslərini davam etdirir. Şirkət bu dəfə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə birgə Novruz və Ramazan bayramları münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqları ziyarət edib. Təşəbbüs inklüziv dəyərlərin təşviqinə, gənc nəslin inkişafına və sosial həmrəyliyin gücləndirilməsinə yönəlib.
Görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində baş tutub.
Təşkilatların nümayəndələri uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlu gələcək arzulayıblar. Paralimpiya çempionları öz növbələrində şəxsi həyat hekayələri əsasında əzmkarlıq və inamın uğura aparan əsas amillər olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Azercell üçün cəmiyyətin həssas qruplarına diqqət və qayğı - prioritet istiqamətlərdəndir. Şirkət müxtəlif sosial təşəbbüslər həyata keçirməklə uşaqların sosial, intellektual və fiziki inkişafına dəstək göstərir.
Qeyd edək ki, şirkət 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir. Azercell-in davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Oyunlarının əhatə dairəsi genişlənib və ölkə boyu yüzlərlə sağlamlıq imkanları məhdud uşaqlar idmanla məşğul olmaq imkanı əldə edib.
APA-Economics Azercell Telekom


