Kəlbəcərsiz çox çətin günlərimiz olub, ancaq indi o günlər geridə qalıb - FOTO

Tarix: 02 Apr 2026 19:23

“Böyük Qayıdış” Proqramı çərçivəsində yenidən qurulan Kəlbəcər şəhərinə növbəti köç olub.

APA xəbər verir ki, bu, Kəlbəcər şəhərinə sayca 6-cı köçdür. Bu gün Kəlbəcərə köçürülən 27 ailə - 113 nəfərə mənzillərin açarları təqdim olunub.

Kəlbəcər şəhərinə köçənlərdən biri Səfurə Atakişiyeva APA-nın qərb bürosuna deyib ki, köçkünlük illərində Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşıblar: "Kəlbəcərsiz çox çətin günlərimiz olub, ancaq indi o günlər geridə qalıb. Bizim ailənin sevincinin həddi-hüdudu yoxdur, çünki ata-baba ocağına qayıdırıq.

Biz Kəlbəcərdən çox acınacaqlı vəziyyətdə çıxmışdıq. Uşağımın əyinində paltar da yox idi. Düz 3 gün 6 aylıq körpəmi Murovda qarın suyu ilə saxlamışdım. Uşağın ağzına qar suyu damızdırırdım ki, sağ qalsın. Belə çətin günlərimiz olub. Kəlbəcərdəki evimizdən heç nə götürə bilmədik. Amma bu gün çox sevinirəm ki, qucağımda gətirdiyim 6 aylıq körpə böyüyüb, o da bizdən əvvəl Kəlbəcərdə məskunlaşıb. Bizə Kəlbəcərdə 3 otaqlı ev veriblər. Bütün şərait yaradılıb".

Kəlbəcər sakini Prezdent İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minətddarlığını bildirib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının qarşısında baş əyirəm. Allah bu günü bütün məcburi köçkünlərə qismət eləsin, onlar da öz yurdlarına qayıtsınlar".

Gəncədə Kəlbəcər sakinlərinin məskunlaşdığı qəsəbədə yaşamış keçmiş məcburi köçkün Taleh Cabbarov isə bildirib ki, 33 ildən sonra doğma yurda qayıdığışın sevincini sözlə ifadə etmək çətindir: "Kəlbəcərdən məcburi köçkün düşəndə ikinci sinifdə oxuyurdum. Hazırda 41 yaşım var. Kəlbəcərdə hər bir şəraiti olan 3 otaqlı mənzillə təmin edilmişik. Bu günü çox həsrətlə gözləmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Ali Baş Komandanımız var olsun!"

Kəlbəcərə növbəti köç karvanı Tərtərdən yola salınıb.

Bu gün səhər saatlarında ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış Kəlbəcər sakini olan 27 ailə Tərtər rayonundakı Bayraq Meydanında bir araya gəlib.

​Bu köçün baş tutduğu tarix rəmzi əhəmiyyət kəsb edir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Kəlbəcəri tərk etməyə məcbur olan sakinlər, 33 il sonra məhz həmin gündə doğma yurdlarına qayıdırlar.

Tərtər rayonundakı Bayraq Meydanında təşkil olunan mərasimdə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və köçən ailələrin doğmaları iştirak ediblər.

33 il əvvəl eyni tarixdə rayonu ayaqyalın, çətin şəraitdə tərk edən yaşlı nəsil nümayəndələri bu dəfə dövlətin təmin etdiyi müasir nəqliyyat vasitələri və təhlükəsizlik şəraitində yola düşüblər.

​Orucovlar ailəsinin üzvü Taleh Orucov hislərini jurnalistlərlə bölüşüb: "1993-cü ilin 2 aprel günü həyatımızın ən qaranlıq günü idi. Onda mənim doqquz yaşım var idi. Çox ağır şəraitdə tərk etdik yurdumuzu. Bu gün isə eyni tarix bizim üçün yenidən doğuşdur. Kəlbəcərə qaçqın kimi yox, ev sahibi kimi qayıdırıq".

​Qayıdış karvanı təntənəli mərasimlə Kəlbəcərə şəhərinə yola salınıb.

Polisin və təcili tibbi yardım briqadalarının müşayəti ilə hərəkətə başlayan qayıdış karvanı Kəlbəcərdə təntənə ilə qarşılanıb. Əlinda bayraq olan məktəblilər doğma yurda qayıdan sakinləri himn sədaları altında əllərində bayraq qarşılayıb. Eyvanlarda üçrəngli Azərbaycan bayrağı tarixi ani daha da qürürlü göstərdi.

Kəlbəcər şəhəri birinci yaşayış məhəlləsinə köçən ailələrə evlərinin açarları təqdim olunub.

Kəlbəcər sakinlərinə təqdim olunan həmin mənzillər fasiləsiz olaraq su, elektrik, istilik, yüksək sürətli internetlə təmin olunub.

Qeyd edək ki, Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində işlər ardıcıl olaraq həyata keçirilir. "Böyük Qayıdış" proqramı çərçivəsində Kəlbəcərə köç mərhələli şəkildə davam edir. Bugünkü qrupla birlikdə Kəlbəcər şəhərinə qayıdan ailələrin sayı və ümumi əhali göstəriciləri rayonun dirçəlmə tempini bir daha təsdiq edir.

Fuad Nazimoğlu

Elgün Gəncimsoy

Kəlbəcər köç

Xəbər Lenti