Deputat: Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi vandalizmdir, uşaqlara vətəndaş məsuliyyəti aşılanmalıdır

Tarix: 03 Apr 2026 14:57

Paytaxtın mərkəzində, mədəni yaddaşımızın simvollarından birinə çevrilmiş Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi hadisəsi heç də bəzilərinin təqdim etməyə çalışdığı kimi “sadəcə divara rəsm çəkmək” deyil, bu, açıq-aydın vandalizm aktıdır. Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib. Deputat deyib ki, bu, şəhərin estetik görünüşünə, tarixi-mədəni dəyərinə və ümumi ictimai mühitinə qarşı hörmətsizlikdir: “Bu, hər birimizin ortaq dəyərinə qarşı edilən müdaxilədir. Biz otuz il erməni vandallarının tarixi abidələrimizə qarşı etdiyi pozucu əməllərdən əziyyət çəkmişik, indi isə şəhərimizin mərkəzində belə bir mənzərə ilə üzləşmək məyusluq doğurur. Düzdür, qraffiti bəzi Qərb şəhərlərində uzun illərdir ki, geniş yayılıb və artıq bir çox hallarda şəhər mühitinin ciddi problemlərindən birinə çevrilib. ABŞ və Avropanın müxtəlif şəhərlərində tarixi binaların, körpülərin, ictimai məkanların necə eybəcər hala salındığını görmək çətin deyil. Bu mənzərələr şəhərin ruhunu öldürür, arxitekturanın orijinallığını məhv edir və nəticədə vizual xaos yaradır. Biz bu mənzərəni Bakıda görmək istəyirik? Əlbəttə ki, yox! Çünki qraffiti mədəniyyəti Azərbaycan üçün, xüsusilə Bakı üçün yad bir anlayışdır. Bu şəhər başqa dəyərlərlə tanınır. Bakı – zərif memarlığı, tarixi irsi, müasirliyi və ən əsası, təmizliyi ilə seçilir. Bu şəhərin küçələri, binaları, ictimai məkanları təsadüfi və yöndəmsiz yazılar üçün deyil. Bu şəhər estetik zövqün, nizam-intizamın və mədəni davranışın göstəricisidir”.

Elnarə Akimova qeyd edib ki, Bakının gözəlliyi təsadüfi yaranmayıb: “Son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində şəhər sözün əsl mənasında yenidən doğulub. Tarixi binalar bərpa edilib, küçələr abadlaşdırılıb, ictimai məkanlar müasir standartlara uyğunlaşdırılıb. Bu işlərə böyük zəhmət, vaxt və maliyyə sərf olunub. Belə bir fonda hansısa şəxslərin gəlib bu əməyi bir neçə dəqiqə ərzində “imza atmaq” adı ilə korlaması təkcə qanun pozuntusu deyil, həm də mənəvi məsuliyyətsizlikdir. Bu hadisə eyni zamanda gənclər arasında məsuliyyət və tərbiyə məsələsini də gündəmə gətirir. Bu əməli törədən şəxslər – kim olmasından asılı olmayaraq – bir həqiqəti anlamalıdırlar ki, yaradıcılıq adı altında dağıdıcılıq etmək heç bir halda qəbul edilə bilməz. Müasir dövrdə gənclər üçün özünüifadə imkanları saysızdır: rəqəmsal platformalar, incəsənət layihələri, sərgilər, startaplar və s. var. Bütün bu imkanlar mövcud olduğu halda, ictimai mülkiyyətə zərər vurmaq nə yaradıcılıqdır, nə də cəsarətdir. Bu, sadəcə məsuliyyətsizlikdir. Hər şeyi qanunlarla tənzimləməyə ehtiyac olmamalıdır. İlk növbədə, hər bir vətəndaşın mənəvi məsuliyyəti, hədd meyarları olmalıdır”.

Deputat hesab edir ki, burada valideyn məsuliyyəti də xüsusi vurğulanmalıdır: “Uşaqlara və yeniyetmələrə kiçik yaşlarından ictimai mülkiyyətə hörmət, şəhər mədəniyyəti, estetik zövq və vətəndaş məsuliyyəti aşılanmalıdır. Valideyn övladının harada olduğunu, nə etdiyini, hansı mühitdə formalaşdığını bilməlidir. Küçədə baş verən hər bir belə hadisənin kökündə müəyyən qədər nəzarətsizlik və tərbiyə boşluğu dayanır. Bu gün məsələ təkcə bir divarın çirkləndirilməsi deyil. Bu, şəhər mədəniyyətinə qarşı yönəlmiş bir tendensiyanın başlanğıcı ola bilər. Əgər bu kimi hallara vaxtında və sərt ictimai reaksiya verilməzsə, sabah daha geniş miqyasda oxşar hallarla üzləşə bilərik”.

Elnarə Akimova deputat Nizami Kino Mərkəzi qraffiti uşaqlar şəhər mədəniyyəti vətəndaş məsuliyyəti

Xəbər Lenti