MM komitə sədrinin müavini: Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi qınanılmalıdır

Tarix: 03 Apr 2026 16:20

Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzi binasının divarına qraffiti çəkilməsi ilə bağlı baş verən hadisə ciddi narahatlıq doğurur və bu məsələyə biganə qalmaq mümkün deyil. Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım bildirib. Deputat deyib ki, bu xoşagəlməz hadisə paytaxtımızın mədəni simasına, tarixi yaddaşına və şəhər nizamına qarşı açıq hörmətsizlikdir: “Bakı hər zaman öz səliqəsi, estetik görünüşü və yüksək mədəni mühiti ilə seçilib. Belə halların baş verməsi isə bu dəyərlərə kölgə salır. Şəhərin gözəlliyini qorumaq hər birimizin borcudur və ictimai mülkiyyətə bu şəkildə zərər vurmaq qəbuledilməzdir”. Fatma Yıldırım qeyd edib ki, son illər Bakıda aparılan genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində şəhərimiz daha da gözəlləşib, dünya səviyyəli paytaxtlar sırasında yer alıb: “Bu zəhmətin, investisiyanın bu cür məsuliyyətsiz addımlarla zədələnməsi ciddi şəkildə qınanılmalıdır. Bu məsələ müvafiq qurumlar tərəfindən ciddi araşdırılmalı və belə halların qarşısının alınması üçün konkret tədbirlər görülməlidir. Bakı bizim ümumi evimizdir — onu qorumaq isə hər birimizin vətəndaşlıq borcudur”.

Fatma Yıldırım Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədr müavini Nizami Kino Mərkəzi qraffiti

Xəbər Lenti