Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 09:29
Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin 15 məhkəmə ekspertizası idarəsinin nümayəndə heyətlərinin iştirakı ilə Türk Məhkəmə Ekspertizası Şəbəkəsinin təsis toplantısı keçirilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində iştirakçılar Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, “Türk şəhidliyi” abidəsini və Zəfər parkını ziyarət ediblər.
Təsis toplantısında Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Türkiyə Respublikasının ədliyyə nazirinin müavini Can Tuncay, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman iştirak ediblər.
Bununla yanaşı, tədbirə Qazaxıstan, Qırğızıstan və Özbəkistan Respublikasının məhkəmə ekspertizası qurumlarının məsul şəxsləri də qatılıblar.
Toplantı çərçivəsində iştirakçı ölkələrin məhkəmə ekspertizası qurumları tərəfindən təqdimatlar keçirilib. Təqdimatlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın məhkəmə ekspertizası sistemləri, mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verilib.
Tədbirin yekununda Türk Məhkəmə Ekspertizası Şəbəkəsi haqqında Memorandum imzalanıb.
Qeyd edək ki, bu təşəbbüs Türk dövlətləri arasında məhkəmə ekspertizası sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və vahid yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Emin Şirvanzadə Ədliyyə Nazirliyi Türk Məhkəmə Ekspertizası Şəbəkəsi Türk Dövlətləri Təşkilatı

