Çərşənbə, 8 Aprel, 2026
Tarix: 08 Apr 2026 13:03
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayev arasında geniştərkibli görüş keçirilir.
APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Azərbaycan və Qazaxıstan iqtisadiyyat, ticarət, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, texnologiya və rəqəmsal sahələrdə artan əməkdaşlığı qeyd edərək güclü strateji əlaqələri bir daha təsdiqləyiblər.
Nazirlər həmçinin Orta Dəhlizin Avropa-Asiya ticarətinin artırılmasında rolunu və tranzit infrastrukturuna və regional bağlantıya töhfə verən birgə layihələrin əhəmiyyətini vurğulayıblar.
Hər iki tərəf Yaxın Şərqdə gərginlikdən narahatlıq ifadə edib, tərəflər arasında əldə olunmuş atəşkəsin regiona sabitlik və sülh gətirəcəyinə ümid etdiklərini bildiriblər.
Nazirlər həmçinin digər regional və qlobal təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
Nazir Ceyhun Bayramov həmçinin həmkarını Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumatlandırıb.
***
12:16
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev arasında təkbətək görüş keçirilib.
APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Görüş çərçivəsində tərəflər Azərbaycan–Qazaxıstan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər. Xüsusilə yüksəksəviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əlaqələrin gücləndirilməsi məsələlərinə diqqət yetirilib.
Nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Görüşdə regionda sülh, sabitlik və davamlı inkişafın təşviqi üçün birgə səylərin vacibliyi vurğulanıb.
Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
***
12:04
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevi qarşılayıb.
APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Firuzə Vahid Azərbaycan Qazaxıstan XİN



