Şənbə, 11 Aprel, 2026
Tarix: 09 Apr 2026 11:02
Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbələr üçün ədliyyə orqanlarında karyera imkanlarına həsr olunmuş infosessiyalar təşkil edilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı tədbirlərdə gənclərə ədliyyə orqanlarında qulluğa qəbul qaydaları, karyera imkanları, peşə perspektivləri və könüllülük fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüşlərdə, həmçinin icra məmuru vəzifələri üzrə hüquq təhsili tələbinin ləğvi ilə bağlı tətbiq edilən yeniliklər diqqətə çatdırılıb. Bildirilib ki, bu dəyişikliklər bütün ixtisaslar üzrə ali təhsilli məzunların ədliyyə orqanlarında fəaliyyət imkanlarını artırır.
Eyni zamanda, könüllülük və təcrübə proqramlarının üstünlükləri, bu proqramların gənclərin peşəkar inkişafında rolu qeyd olunub, tələbələrin erkən mərhələdə praktiki bilik və bacarıqlar əldə etmələrinin əhəmiyyəti vurğulanıb.
Tədbirlərin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, ədliyyə orqanlarında karyera qurmaq istəyən gənclərə müvafiq tövsiyələr verilib. Bu görüşlərin davamlı olaraq respublikanın digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.
Selcan Zaurqızı Ədliyyə Nazirliyi infosessiya Azərbaycan Dövlət Pedaqoji Universiteti ADPU Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası DİA

