Spiker: Azərbaycan, Türkiyə və ŞKTC parlamentlərinin üçtərəfli formatı ortaq maraqlara xidmət edir

Tarix: 09 Apr 2026 17:13

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin dostluq qruplarının 3-cü görüşünün iştirakçıları ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üçtərəfli formatının əhəmiyyəti vurğulanaraq, bu əməkdaşlıq formatı çərçivəsində keçirilən mütəmadi görüşlərin parlamentlərarası əməkdaşlığın inkişafına, ortaq maraqların müdafiəsinə və həmrəyliyin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova qeyd edib ki, üçtərəfli format çərçivəsində iki gün ərzində Bakıda aparılacaq müzakirələr parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi həmrəyliyə, dostluğa, qardaşlığa və dəstəyə görə təşəkkürlərini bildirərək, Azərbaycan Respublikasının Milli Məclisində Şimali Kipr ilə dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin parlament müstəvisində də davam etdirilməsinin vacibliyini bildirərək, üçtərəfli formatda əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Firuzə Vahid Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-ŞKTC parlamentlərinin işçi qrupları

Xəbər Lenti