Arzu Nağıyev: Həlak olan minatəmizləyənlərin ailələrinə vergi və təhsil güzəştləri nəzərdə tutulur

Tarix: 10 Apr 2026 13:26

Həlak olan minatəmizləyənlərin ailələrinə vergi və təhsil güzəştləri nəzərdə tutulur.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Təhsil haqqında” və “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyev deyib ki, minatəmizləmə fəaliyyəti müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından ən həssas və həyati əhəmiyyət daşıyan sahələrdən biridir: “Müharibədən və işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, infrastrukturun yenidən qurulması məhz bu təhlükəli, lakin şərəfli fəaliyyətin nəticəsində mümkün olur. Lakin bu müqəddəs missiya böyük risklər və itkilər hesabına həyata keçirilir. Humanitar, hərbi və operativ minatəmizləmə zamanı həyatını itirənlər öz canları bahasına insanların təhlükəsizliyini təmin edən, gələcək nəsillərə daha təhlükəsiz bir vətən miras qoyan qəhrəmanlardır. Bu baxımdan, minatəmizləmə zamanı həlak olan şəxslərin ailələrinə dövlət qayğısı yalnız sosial siyasətin bir istiqaməti deyil, eyni zamanda mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanist siyasətinin əsas prioritetlərindən biri kimi çıxış edir. Təqdim olunan Qanun layihəsi də minatəmizləmə fəaliyyəti həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və onlara dövlət qayğısının artırması məqsədi ilə hazırlanıb. Layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, eyni zamanda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur”.

Firuzə Vahid Arzu Nağıyev minatəmizləyənlər

Xəbər Lenti