“Sülh Körpüsü” təşəbbüsünün koordinatoru: Həddindən artıq sürət prosesə zərər verə bilər

Tarix: 11 Apr 2026 15:40

Çox sürətlə irəliləmək sülh prosesinə zərbə vura bilər.

APA xəbər verir ki, bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

“Münaqişələrlə, cinayətlərlə, faciələrlə dolu çox böyük bir tarix var. Belə bir şəraitdə çox sürətli irəliləmək hətta prosesə zərər verə bilər.

Amma digər tərəfdən, biz anlayırıq ki, nə geosiyasi proseslər bizi gözləyəcək, nə də region. Xüsusilə də bu qədər qeyri-sabit dünyada — şimalda müharibə var, cənubda müharibə var, qərbdə müharibə var və yaxın gələcəkdə şərqdə də müharibə ehtimalı mövcuddur.

Bu vəziyyət regionumuzun ətrafında sanki “od halqası” yaradır və eyni zamanda regionda sabitliyə ciddi ehtiyac formalaşdırır. Məsələn, “Flightradar24” platformasında paylaşılan görüntülərdən də görmək olur ki, şimal və cənub istiqamətlərində uçuşlar məhdud olduğuna görə çox sayda təyyarə Cənubi

Qafqaz üzərindən keçir — çünki yenə də qərblə əlaqə saxlamaq lazımdır.

Bu isə elə bir dinamika yaradır ki, Cənubi Qafqazda normallaşma və sülh prosesi Qərb üçün — həm Avropa, həm də ABŞ üçün - daha da əhəmiyyətli olur. ABŞ-ın regionumuza artan marağının səbəblərindən biri də məhz budur.

Bir tərəfdən, mövcud geosiyasi və daxili siyasi momentumu itirməmək üçün kifayət qədər sürətli hərəkət etməliyik. Digər tərəfdən isə unutmamalıyıq ki, normallaşmanın əsas prinsiplərindən biri “zərər verməmək”dir. Həddindən artıq sürət isə bu prosesə zərər verə bilər”, - Koçinyan vurğulayıb.

Toğrul Quluzadə Sülh körpüsü Azərbaycan Ermənistan

Xəbər Lenti