Udinlər Pasxa bayramını qeyd ediblər

Tarix: 12 Apr 2026 12:45

Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd ediblər.

APA-nın Şirvan bürosu xəbər verir ki, Nic qəsəbəsindəki Cotari kilsəsində təşkil olunan bayram mərasimində Alban-Udi dini icmasının rəhbəri, kilsənin keşişi və icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb.

Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasının ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, müasir Azərbaycan təkcə mədəniyyətlərarası və konfessiyalararası deyil, həm də dinlərarası dialoqun mərkəzidir. Udilər Avropa ilə Asiyanın kəsişməsində yerləşən tarixi vətənlərində öz dillərini, dinini, qədim adət-ənənələrini qoruyub saxlaya biliblər. Robert Mobili qəsəbədə Azərbaycan Udi Ocağının yaradılmasını multikulturalizmin daha da inkişafı yolunda mühüm addım kimi qiymətləndirib.

Alban-Udin Xristian icmasının sədr müavini Rafik Danakari deyib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər. Rafik Danakari Cotari Alban kilsəsinin əsaslı şəkildə bərpasının da tolerantlığa gözəl nümunə olduğunu bildirərək deyib ki, müsəlman və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli sayılır.

Hazırda Nic qəsəbəsində 3 kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir. Qeyd edək ki, xristian və yəhudi dünyasının böyük bayramı olan Pasxanın keçirilməsində hər il ayın təzələnməsi tarixinə uyğun olaraq 10 gün fərq olur.

Şəhər tipli qəsəbə olan Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə yaşadığı yeganə yaşayış məskənidir.

İlham Əhmədov udinlər Pasxa bayramı

Xəbər Lenti