Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO

Tarix: 16 Apr 2026 23:55

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

APA xəbər verir ki, görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin “Şərəf” medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib. Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Vurğulanıb ki, Milli Məclisin sədri Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.

Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları arasında mövcud olan əlaqələrin, eləcə də ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd ediblər. Bu çərçivədə Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğu məmnunluqla vurğulanaraq bildirilib ki, qanunvericilik orqanları həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Vurğulanıb ki, parlamentlərarası əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir və bu sahədə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri formalaşıb.

Parlament sədrləri və deputatlar arasında qarşılıqlı səfərlərin tərəflər arasına dialoqun daha da dərinləşməsinə müsbət töhfələri qeyd olunub. Sahibə Qafarova özünün mart ayında Gürcüstana səfərini xatırlayıb.

Görüşdə bildirilib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və koordinasiyalı fəaliyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər Lenti