İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO

Tarix: 16 Apr 2026 23:52

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Azərbaycan parlamentinin sədri qeyd edib ki, Milli Məclis həmişə olduğu kimi, bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək. Milli Məclisin sədri deyib ki, qardaş ölkələrimizi əhatə edən coğrafiyada cərəyan edən geosiyasi gərginliklərə və təhdidlərə baxmayaraq, qarşılıqlı dəstək və etibarlı tərəfdaşlıq üzərində qurulmuş münasibətlərimiz, ölkələrimizin birliyi və həmrəyliyi daha da güclənməkdədir. Bu birlik və həmrəylik inkişaf və əməkdaşlığı təmin edir, regional və qlobal səviyyədə sülhə və sabitliyə mühüm töhfə verir. Qeyd olunub ki, Azərbaycan daim Türk dünyasının daha sıx inteqrasiyası, onun siyasi və iqtisadi qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi naminə ardıcıl fəaliyyət həyata keçirir. Qardaş türk dövlətləri ilə əlaqələrin genişlənməsi və möhkəmlənməsi Azərbaycanın xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir. Spiker Sahibə Qafarova xatırladıb ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin iyulunda mədəniyyət paytaxtı Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ilk qeyri-rəsmi zirvə görüşü keçirilib. Daha sonra bu ənənə davam etdirilib, növbəti qeyri-rəsmi zirvə görüşü 2025-ci ildə Budapeştdə keçirilib. TÜRKPA-ya üzv parlament sədrlərinin Parlamentlərarası İttifaqın assambleyaları çərçivəsində qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsünü Milli Məclisin dəstəklədiyini deyən Sahibə Qafarova bildirib ki, bu toplantılar yalnız TÜRKPA çərçivəsində deyil, həmçinin digər beynəlxalq təşkilatlar və qurumlar çərçivəsində əməkdaşlığımızı qiymətləndirilməyə, eyni zamanda maraq doğuran məsələləri səmimi mühitdə müzakirə etməyə şərait yaradır. Qeyd olunub ki, bu formatda toplaşmağımız gündəlikdə duran məsələlərin müzakirəsi, ortaq maraqlarımızın müdafiəsi və gələcək fəaliyyətin əlaqələndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Sonra görüş təşkilata üzv olan digər ölkələrinin parlament sədrlərinin çıxışları və müzakirələrlə davam edib.

Firuzə Vahid

Xəbər Lenti