Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 14:40
Bu gün İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib. Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində sülh və sabitliyin gücləndirilməsi, eləcə də ticarət əlaqələrinin qurulması və genişləndirilməsi ilə bağlı son proseslər məmnunluqla qeyd edilib. Söhbətdə PAİ Assambleyasının parlamentlərarası əməkdaşlıq üçün mühüm platforma kimi rolu vurğulanaraq, bu baxımdan qurumun Baş katibi Martin Çunqonqun Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında dialoqun qurulmasında göstərdiyi səylər yüksək qiymətləndirilib, ona təşəkkür ifadə edilib. Spikerlər 2025-ci ilin oktyabrında Cenevrədə baş tutmuş görüşdən sonra parlament nümayəndə heyətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində təmasları müsbət dəyərləndirib və bu təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Görüşdə spikerlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. ***
saat 12.55
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü keçirilib.
APA-nın xəbərinə görə, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutub.
Görüş 1 saatdan çox davam edib.
***
saat 11.05
Milli Məclisin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyanın görüşü başlayıb.
APA xəbər verir ki, görüş İstanbul şəhərində keçirilən Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində baş tutur.
Qeyd edək ki, bundan öncə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər.
Firuzə Vahid İstanbul Sahibə Qafarova Alen Simonyan

