Belçika və Niderland parlamentlərinin qətnamələri Azərbaycanın daxili işlərinə müdaxilədir - RƏY

Tarix: 21 Apr 2026 11:51

Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Tural Gəncəliyev bildirib ki, qətnamələrin heç birində Azərbaycanın atdığı humanist addımlardan, o cümlədən Ermənistana neft məhsulları və digər mallar göndərməsindən bir cümlə belə bəhs edilmir: “Demokratiyadan, insan haqlarından danışan bu ölkələrin özlərinin insan haqlarını necə pozduqlarından danışsaq, bu barədə çox danışmaq olar. Əgər biz bu mövzuya başlasaq, Niderland və Belçikanın Afrikada illər boyu insan haqlarını pozmasını, Konqo xalqının istismarını qeyd edə bilərik. Eyni zamanda, Niderland müsəlman dünyasının ən böyük ölkələrindən biri olan İndoneziyanı uzun illər müstəmləkə əsarətində saxlayıb”.

Deputat Zaur Şükürov qeyd edib ki, bəzi Avropa parlamentarilərinin Azərbaycana qarşı davamlı olaraq qərəzli, riyakar və birtərəfli yanaşma sərgiləməsini istər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra müşahidə etmişik: “Bu addımlar qəti və tutarlı mövqeyimizlə daim ifşa edilib. Azərbaycanın ardıcıl təşəbbüsləri və qəti siyasi iradəsi nəticəsində regionda yeni reallıqlar formalaşıb. Son illər ərzində sərhəddə sabitliyin qorunması, birbaşa dialoq kanallarının qurulması və sülh sazişi istiqamətində atılan ardıcıl addımlar bu reallıqların ən aydın təzahürünə çevrilib. Bütün bunların fonunda kənardan edilən əsassız və qərəzli müdaxilələr yalnız destruktiv məqsədlərə xidmət edən amillər kimi çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin misilsiz liderliyi ilə bu gün regionda formalaşan yeni reallığa, sülhə, sabitliyə və inkişaf naminə yaranan ümidlərə bu kimi riyakar qətnamələr mane ola bilməz. Belçika və Niderland parlamentlərini və hökumətlərini gələcək əməkdaşlığa müəyyən mənada kölgə sala biləcək bu kimi qərəzli addımların qarşısının alınması üçün müvafiq tədbirlər görməyə çağırıram”.

Deputat Rizvan Nəbiyev nəzərə çatdırıb ki, Azərbaycan öz ərazilərinin işğalına son qoymaqla Cənub Qafqaz regionunda yeni geosiyasi reallıqların əsasını yaradıb və regional siyasi gündəm faktiki olaraq məhz bu yeni status-kvo üzərindən müəyyənləşdirilir: “Bu yeni siyasi reallığın ən mühüm nəticələrindən biri odur ki, bu gün Ermənistanın baş naziri ‘Real Ermənistan’ konsepsiyası, Azərbaycanla münasibətlərin normallaşdırılması və ümumilikdə sülh gündəliyi ilə parlament seçkilərinə gedir. Elə cari ilin birinci rübündə ABŞ və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi Prezident İlham Əliyevin xarici siyasət kursunun praktik nəticəsidir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri və burada verilən birgə mesajlar uzunmüddətli əməkdaşlıq perspektivlərindən xəbər verir. Xüsusilə, Brüsselin infrastruktur və nəqliyyat-loqistika təşəbbüsü olan ‘Qlobal Qapı’ strategiyasına ölkəmizin daxil edilməsi bunu təsdiqləyir. Bu inkişaflar fonunda Belçika və Niderland parlamentlərinin qətnamələrini qətiyyətlə rədd edirəm”.

Deputat Sahib Alıyev qeyd edib ki, Belçika və Niderlandın parlament adını haqq etməyən yığıncaqlarının irqçi, qərəzli və eyni zamanda savadsızcasına hazırlanmış, antisülh və antiregional mahiyyətli qətnamələrini qətiyyətlə pisləyir:

“Xankəndindəki keçmiş "miatsumçu" rejimin başında duranların həbsini pisləyən və onların azadlığa buraxılmasını tələb edənlər yəqin unudurlar ki, nə Qarabağ Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar həmin Konqodan tutulub gətirilərək tamaşa üçün Tervurendə zooparkda qəfəsə salınıb nümayiş etdirilən insanlar kimi təqdim edilənlərdir. Onlar minlərlə azərbaycanlının qətlində təqsirli bilinən hərbi cinayətkarlardır və Milli Məclisin dünənki bəyanatında da vurğulandığı kimi, müvafiq beynəlxalq qurumlar da bunun yaxşı fərqindədirlər. Görsən bir tərəfdən Azərbaycan rəsmiləri ilə yeni ikitərəfli anlaşma haqda danışıqlara başlamaq üçün Brüsseldə görüş keçirən, digər tərəfdən isə eyni gündə də belə bir addım atanlar özləri haqda nə düşünürlər? Həm də bilə-bilə ki, bu, strateji rəqib, hətta düşmən gözündə gördüklərinin maraqlarına tam cavab verən hərəkətdir. Eynilə hay diasporunun, daha dəqiqi, onların daşnaklardan ibarət hissəsinin bu qətnamədən 4 gün qabaq Parisdə keçirdikləri yığıncaqları kimi. Həmin yığıncağın maliyyəsini məhz Rusiyadan ora təşrif gətirən oliqarx Ara Abramyanın verdiyini və burada da məqsədin yenə bu regionda sülhə maneçilik olduğunu bəyəm Yelisey sarayındakılar bilmirlər? Elə isə nədən həmin yığıncaqdan 2 gün sonra “özünüburaxan”ların bir neçə təmsilçisi ilə Fransa və Avropa Parlamentində görüş keçirilir? Amma nə edirlərsə etsinlər, “hay məsələsi”ni qaldırdıqları zaman açıqladıqları ortaq niyyətlərinə çata bilməyəcəklər. Azərbaycan onların cavabını sivilizasiyalarından saydıqlarının dağıtdıqları yerləri cənnətə çevirməklə və uçurduqları məscidlərin yerində daha möhtəşəmini tikməklə ən təsirli şəkildə verir və verəcək”.

Firuzə Vahid Belçika Niderland qətnamə Azərbaycanın

Xəbər Lenti