Kapital Bank ötən il 7 mln. manatlıq fırıldaqçılığın qarşısını alıb

Tarix: 22 Apr 2026 11:12

Kapital Bank 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Ağarza Baxşiyev "Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları"na dair keçirilən mətbuat konfransında bildirib.

O, qeyd edib ki, 2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə, vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb.

Ağarza Baxşiyev əlavə edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb:

"Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Kapital Bank adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb".

Baş Risk İnzibatçısı onu da vurğulayıb ki, Kapital Bank 40 minə yaxın cihazda virus aşkarlayaraq Birbank tətbiqini bloklayıb:

"2025-ci ildə 40 000-dən çox istifadəçinin cihazında virus olduğu üçün onların Birbank tətbiqini bloklamışıq. Bununla da minlərlə vətəndaşın potensial dələduzluq riski ilə üzləşməsinin qarşısı alınıb".

İlahə Səlimova Kapital Bank bank kartları oğurluq fırıldaqçılıq

Xəbər Lenti