"Kapital Bank" 2025-ci ili 274,6 milyon manat xalis mənfəətlə başa vurub

Tarix: 22 Apr 2026 10:58

2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən, Kapital Bank ötən ili olduqca uğurlu bir göstərici ilə – 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin sədrinin birinci müavini Cavid Mirzəyev Kapital Bank-ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planları"na dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu rəqəm 2024-cü illə müqayisədə 15% artıb. "Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır", - deyə o qeyd edib.

Cavid Mirzəyev onu da əlavə edib ki, 2025-ci ilin sonuna Kapital Bank-ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib:

“Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledici faktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir. 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil edib. Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətli dərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayiş etdirir”.

İlahə Səlimova Kapital Bank

Xəbər Lenti