Çərşənbə, 22 Aprel, 2026
Tarix: 22 Apr 2026 12:19
Cəbrayıl rayonunda yerləşən “Şəfəq” günəş layihəsi sahəsində günəş panellərinin quraşdırılmasına başlanılıb.
BP-dən “APA-Economics”ə verilən məlumata görə, ilk günəş panelinin bu ayın əvvəlində quraşdırılması ilə layihə üzrə tikinti işləri plana uyğun irəliləməkdə davam edir.
Məlumata görə, “Şəfəq” günəş enerjisi layihəsinin tikinti işləri ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanıb. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunub və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa edilən bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.
2025-ci ilin iyun ayında təsdiqlənmiş 200 milyon ABŞ dolları dəyərində olan “Şəfəq” günəş layihəsi çərçivəsində Cəbrayıl rayonunda yeni 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisi nəzərdə tutulur.
Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
“Şəfəq (Cəbrayıl) Solar Limited” (SJSL) şirkətindəki iştirak payları belədir: BP 40,01%, SOCAR Green 39,99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.
Emil İsmayılov BP STEL Şəfəq Cəbrayıl
