Latviya Prezidenti Milli Məclisin sədri ilə görüşdə Azərbaycanı strateji tərəfdaş kimi səciyyələndirib

Tarix: 22 Apr 2026 18:25

Bu gün ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək. İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var. Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinin dostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım Dayqa Mierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeyd edib. Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıx əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərə bilər. Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur. Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Firuzə Vahid Latviya Prezidenti Milli Məclisin sədri Azərbaycan strateji tərəfdaş

Xəbər Lenti