Deputat: Ermənistanda və işğal altında olmuş ərazilərimizdə abidələrimizin dağıdılması sistemli vandalizmdir

Tarix: 23 Apr 2026 17:40

Ermənistanda və uzun illər işğal altında saxlanılmış Azərbaycan ərazilərində tarixi-dini abidələrin dağıdılması bir xalqın kimliyinə və mənəvi dəyərlərinə qarşı yönəlmiş sistemli vandalizmdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım bildirib.

Deputat deyib ki, Ermənistanda və uzun illər işğal altında saxlanılmış Azərbaycan ərazilərində yüzlərlə tarixi-dini abidə məqsədyönlü şəkildə dağıdılıb, talan edilib: “Bu faktlar bir xalqın yaddaşına, kimliyinə və mənəvi dəyərlərinə qarşı yönəlmiş sistemli vandalizmdir. Bu dağıntılar planlı şəkildə həyata keçirilmiş mədəni təmizləmə siyasətinin tərkib hissəsidir. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla məzarlıq yerlə-yeksan edilib, qəbirlər qazılıb, baş daşları sındırılıb və oğurlanıb. Bu, xalqımızın müqəddəs dəyərlərinə qarşı hörmətsizliyin ən açıq təzahürüdür. Həyata keçirilmiş vandalizmin miqyası və dərinliyi təkcə ümumi statistika ilə ölçülmür. Bu, hər bir ailənin şəxsi faciəsidir. Mən öz ailəmin timsalında bunun ağrısını yaşadım. Xankəndi şəhərinə yaxın ərazidə yerləşən qədim Malıbəyli kəndinə səfərim zamanı babalarımın, nənələrimin, əcdadlarımın bir dənə də olsun qəbrini tapa bilmədim. Həmin qəbiristanlıq tamamilə yox edilib. Bu, vandalizmin son həddidir, xatirələrin, köklərin və insan ləyaqətinin tapdalanmasıdır”.

Fatma Yıldırım qeyd edib ki, işğal dövründə bir sıra məscidlərdə, o cümlədən Zəngilan və Cəbrayıl rayonlarındakı məscidlərdə donuz saxlanılıb: “Bu faktlar dini dəyərlərə qarşı ən ağır təhqir forması olmaqla yanaşı, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Ermənistanın öz ərazisində də Azərbaycan xalqına məxsus tarixi-dini irs sistemli şəkildə məhv edilib. İrəvan şəhərində mövcud olmuş Şah Abbas məscidi, Sərdar məscidi, Hacı Novruzəli məscidi kimi XVI–XVIII əsr abidələri tamamilə dağıdılıb. Yalnız Göy məscid müəyyən formada saxlanılıb, lakin onun da orijinal görünüşü dəyişdirilib, fars abidəsi kimi təqdim olunur”.

Deputat Qafqaz Albaniyasına məxsus xristian irsinin də saxtalaşdırmaya məruz qaldığını nəzərə çatdırıb: “Ağoğlan məbədi, Amaras, Qandzasar, Xudavəng və digər alban məbədləri üzərində aparılan müdaxilələr nəticəsində orijinal izlər silinib, erməni dini irsi kimi təqdim olunmağa çalışılıb. Bu isə mədəni irsin mənimsənilməsi cəhdi ilə yanaşı, həm də tarixin təhrif edilməsidir.

Bütün bu faktlar göstərir ki, Ermənistanın həyata keçirdiyi siyasət Azərbaycan xalqının bu torpaqlardakı tarixi izlərini silmək, gələcək nəsillərin yaddaşını dəyişdirmək və əsassız ərazi iddialarına “tarixi don geyindirmək” məqsədi daşıyıb. Bu məsələlərin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılması, faktların sənədləşdirilməsi və hüquqi qiymətin verilməsi olduqca vacibdir. Tarixi və dini irsə qarşı törədilən bu cinayətlər unudulmamalıdır”.

Fatma Yıldırım Ermənistan abidələr

Xəbər Lenti