Cümə, 24 Aprel, 2026
Tarix: 24 Apr 2026 12:30
Siyəzən rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
APA-nın bölgə müxbirinin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, FHN Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası və mülki müdafiə xidmətləri iştirak ediblər. Təlimdən əvvəl keçirilən müşavirədə çıxış edən polkovnik Fuad İlyasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb. İcra başçısı Novruz Novruzov isə mülki müdafiə sahəsində qurumların birgə əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Müşavirənin ardından rayonun Böyük Həmyə kəndi ərazisində təlimin praktik hissəsinə start verilib. Təlim zamanı şərti fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi əməliyyatları icra olunub. Eyni zamanda, kommunal-enerji sistemlərində qəzaların aradan qaldırılması və insanların təhlükəsiz ərazilərə köçürülərək çadır şəhərciyində yerləşdirilməsi simulyasiya edilib. Kompleks təlimə ümumilikdə 196 nəfərlik şəxsi heyət və 29 ədəd xüsusi təyinatlı texnika cəlb olunub. Təlimin gedişində FHN qüvvələri və rayonun mülki müdafiə dəstələri yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş məqsədlərə nail olublar.
Xanım Məmmədova
Siyəzən irimiqyaslı kompleks mülki müdafiə təlimi











