, 26 Aprel, 2026
Tarix: 26 Apr 2026 16:48
İsrail İranla müharibənin ilk günlərində Birləşmiş Ərəb Əmirliklərinə “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi və onu idarə edən hərbçilər göndərib.
APA xəbər verir ki, bu barədə “Axios” İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, bu, sistemin ilk dəfə İsrail və ABŞ-dan kənarda başqa bir ölkəyə göndərilməsi olub.
Məlumata görə, ABŞ–İsrail–İran qarşıdurması zamanı Tehran BƏƏ-yə qarşı intensiv hücumlar həyata keçirib. BƏƏ Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkəyə təxminən 550 ballistik və qanadlı raket, eləcə də 2200-dən çox pilotsuz uçuş aparatı atılıb və bu da onu regionda ən çox hədəf alınan ölkəyə çevirib. Əksər hücum vasitələri zərərsizləşdirilsə də, bəziləri hərbi və mülki obyektlərə düşüb. Bildirilir ki, bu vəziyyət Əbu-Dabinin müttəfiqlərdən yardım istəməsinə səbəb olub.
“Axios”-un yazdığına görə, İsrail Baş naziri Benyamin Netanyahu bu barədə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanla telefon danışığından sonra qərar verib. Sistem onlarla İran raketini məhv edib.
İsrail və BƏƏ rəsmiləri bildirirlər ki, fevralın 28-də başlayan müharibədən bəri iki ölkə arasında sıx hərbi və siyasi koordinasiya mövcuddur. Həmçinin qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri müharibə zamanı İranın cənubunda Körfəz ölkələrinə yönəlmiş təhdidləri zərərsizləşdirmək üçün zərbələr endirib.
“Axios” yazıb ki, adının çəkilməsini istəməyən yüksək vəzifəli BƏƏ rəsmisi bildirib ki, ölkəsi bu böhran dövründə İsrailin göstərdiyi yardımı “unutmayacaq”.