Çərşənbə, 29 Aprel, 2026
Tarix: 29 Apr 2026 18:39
Hər hansı qaçılmaz fəlakət baş verdikdə dövlət dərhal vətəndaşlarının yanında olur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, bütün ölkələrdə təbii fəlakətlərin baş verməsi və onların nəticəsində vətəndaşlara ziyan dəyməsi halları mövcuddur: “Nəticə etibarilə bu, təbiət hadisəsidir və ondan tam şəkildə yayınmaq, yaxud qarşısını almaq olduqca çətindir. Lakin təbii fəlakətlər baş verdikdən sonra vətəndaşlara dəymiş zərərin aradan qaldırılması dövlətin əsas funksiyalarından biri kimi çıxış edir və eyni zamanda dövlət–vətəndaş münasibətlərinin göstəricisidir. Yəni dövlətin nə dərəcədə funksional olması, vətəndaşlara dəymiş ziyanın nə qədər qısa müddətdə və nə qədər effektiv şəkildə aradan qaldırılması ilə ölçülür. Bu baxımdan Azərbaycanda dövlət başçısı tərəfindən operativ qərarların qəbul edilməsi, zərərçəkmiş vətəndaşlara konkret maliyyə dəstəyinin göstərilməsi məsələnin mühüm tərəfidir. Bunun üçün kifayət qədər ciddi maliyyə resursları səfərbər olunub. Eyni zamanda Prezident İlham Əliyev məsələyə kompleks yanaşaraq bir neçə mühüm vəzifənin paralel həllini nəzərdə tutur. Bunlardan biri təbii fəlakət zamanı onun təsirlərini minimuma endirmək üçün yeni infrastrukturun yaradılması və mövcud sistemlərin səmərəli fəaliyyətinin təmin edilməsidir. Digər istiqamət isə gələcəkdə baş verə biləcək təbii fəlakətlər zamanı vətəndaşların daha az zərər görməsi üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir”.
Hikmət Babaoğlu qeyd edib ki, bütün bunlar Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş və onun mənafeyi dayandığını göstərir: “Hər hansı qaçılmaz fəlakət baş verdikdə dövlət dərhal vətəndaşlarının yanında olur və onların problemlərinin həlli istiqamətində operativ addımlar atır. Hazırkı mərhələdə ayrılan vəsaitlər həm zərər çəkmiş ailələrin evlərinin təmir və bərpasına, həm yeni fərdi yaşayış evlərinin tikintisinə, həm də müasir infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Bu addımlar təkcə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına deyil, eyni zamanda vətəndaşların sosial rifahının qorunmasına xidmət edir. Bu isə Azərbaycan Prezidentinin vətəndaşlara göstərdiyi diqqət və qayğının mühüm istiqamətlərindən biri kimi ön plana çıxır”.
Hikmət Babaoğlu Milli Məclisin deputatı Prezident sərəncam təbii fəlakət