Moskvada mobil internetə çıxış bərpa edilib - YENİLƏNİB

Tarix: 05 May 2026 13:31

Moskvada mobil internetə çıxış bərpa edilib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Moskvada təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən müvəqqəti mobil internet bloklamaları aradan qaldırılıb və operatorların internet resurslarına çıxışı bərpa edilib.

Nazirlik Moskvada ev interneti və Wi-Fi-nin normal rejimdə işlədiyini açıqlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada mobil internet söndürülüb.

***

10:31

Moskvada mobil internet xidməti dayandırılıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva sakinləri mobil internet problemlərindən şikayətlənirlər.

Onlar hətta "ağ siyahıya" salınmış veb saytların da işləmədiyini deyirlər. Bu gün səhər tezdən mobil internet kəsintiləri barədə məlumat yayılıb. Oxşar şikayətlər Sankt-Peterburqdan və digər regionlardan da gəlir.

Müxtəlif operatorlardan internet xidməti ilə bağlı şikayətlərin artması “detector404” xidmətində də müşahidə olunur. Xidmətin məlumatına görə, mobil internet xidməti ilə bağlı şikayətlərin sayı Moskva vaxtı ilə səhər saat 8:00 radələrində artmağa başlayıb.

MTS, T2, Beeline və Yota operatorlarında mobil internet kəsintiləri barədə məlumat yayılıb.

T2 operatoru Moskva vilayətində də eyni problemlərlə üzləşib.

Qeyd edək ki, Moskva və Sankt-Peterburqda mobil operatorlar abunəçilərinə 5-9 may tarixlərində təhlükəsizlik səbəbi ilə mobil internet məhdudiyyətləri tətbiq olunacağı barədə bildirişlər göndərib.

Fərid Əkbərov Moskva mobil internet Rusiya Sankt-Peterburq

Xəbər Lenti