Azərbaycan–İtaliya strateji tərəfdaşlığı: Qlobal çağırışlara birgə cavab - RƏY

Tarix: 05 May 2026 16:16

İtaliya Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri, səfər öncəsi və səfərdən sonra paylaşdığı mesajlar rəsmi Romanın Bakı ilə münasibətlərə verdiyi yüksək dəyərin aydın göstəricisidir.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov APA-ya açıqlamasında deyib ki, Azərbaycanın geosiyasi mövqeyi, zəngin enerji resursları, nəqliyyat və logistika imkanları, həmçinin sabit siyasi mühiti onu İtaliya üçün etibarlı və strateji tərəfdaşa çevirir.

Deputat qeyd edib ki, xüsusilə qlobal qeyri-müəyyənliyin artdığı, enerji və təhlükəsizlik məsələlərinin daha da aktuallaşdığı bir dövrdə belə tərəfdaşlıqların əhəmiyyəti kəskin şəkildə yüksəlir. Azərbaycan bu mənada həm regionda sabitlik təmin edən aktor, həm də Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edir: “Azərbaycan ilə İtaliya arasında münasibətlər formal əməkdaşlıq çərçivəsini çoxdan aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlığa dair sənədlər bu münasibətlərin möhkəm hüquqi və siyasi əsasını təşkil edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, bu sənədlər yalnız deklarativ xarakter daşımır, real iqtisadi və siyasi nəticələrlə müşayiət olunur”.

Enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolu

Soltan Məmmədov Azərbaycanın bu gün İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas tərəfdaşlardan biri olduğunu nəzərə çatdırıb: “Xüsusilə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Avropanın enerji xəritəsində ciddi dəyişikliklər baş verib və bu kontekstdə Azərbaycanın rolu daha da artıb. Cənub Qaz Dəhlizi və onun əsas komponenti olan TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropaya, o cümlədən İtaliyaya təhlükəsiz və sabit şəkildə çatdırılır. Meloninin də vurğuladığı kimi, bu əməkdaşlıq İtaliyanın enerji təhlükəsizliyində müəyyənedici faktora çevrilib. Bununla yanaşı, tərəflər qaz təchizatının həcminin artırılması, infrastrukturun genişləndirilməsi və yeni enerji layihələrinin həyata keçirilməsi istiqamətində də fəal müzakirələr aparır”.

Orta Dəhliz Azərbaycan Avropa ilə Asiyanı birləşdirən körpüdür

Azərbaycan yalnız enerji sahəsində deyil, həm də nəqliyyat və logistika baxımından İtaliya və bütövlükdə Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Deputat bildirib ki, Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan Avropa ilə Asiya arasında mühüm tranzit və logistika mərkəzinə çevrilib: “Ciorcia Meloninin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan “körpü” funksiyasını yerinə yetirir. Bu körpü yalnız coğrafi deyil, həm də iqtisadi və siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Bu dəhliz Avropa üçün alternativ və təhlükəsiz nəqliyyat marşrutu kimi getdikcə daha çox önəm qazanır. Eyni zamanda bu, Azərbaycanın beynəlxalq logistika xəritəsində rolunu gücləndirir və ölkənin tranzit potensialını maksimum səviyyədə reallaşdırmağa imkan verir”.

Ermənistandan sonra Bakıya səfər: Siyasi və rəmzi mesaj

Deputat qeyd edir ki, Ciorcia Meloninin Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammitindən dərhal sonra Azərbaycana səfər etməsi mühüm siyasi və diplomatik məna daşıyır: “Prezident İlham Əliyevin vurğuladığı kimi, bu addım Azərbaycana göstərilən hörmətin və dost münasibətin bariz ifadəsidir. Bu səfər regionda yeni reallıqların qəbul edilməsi və Azərbaycanın artan rolunun beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyətlidir”.

Soltan Məmmədov İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində fəal iştirak etməsinə də diqqət çəkib: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən çoxsaylı layihələr İtaliya biznes subyektlərinin bu regiona olan marağını açıq şəkildə nümayiş etdirir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyin praktiki ifadəsidir. Eyni zamanda, bu layihələr regionun sürətli bərpasına və iqtisadi reinteqrasiyasına ciddi töhfə verir”.

Hərbi-texniki əməkdaşlıq: Yeni və perspektivli istiqamət

Azərbaycan ilə İtaliya arasında hərbi-texniki əməkdaşlıq yeni, lakin çox perspektivli istiqamət kimi formalaşır. Soltan Məmmədov hesab edir ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir: “İtaliyanın müdafiə sənayesindəki qabaqcıl texnologiyaları və Azərbaycanın artan maliyyə və texnoloji imkanları birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır. Bu əməkdaşlıq həm də regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə xidmət edə bilər”.

İtaliyanın Azərbaycan–Avropa İttifaqı münasibətlərində rolu

Deputat İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında mühüm rol oynayan aparıcı ölkələrdən biri olduğunu vurğulayır: “Meloninin bəyanatında da bu məsələ xüsusi vurğulanaraq, Azərbaycan ilə Aİ arasında dialoqun gücləndirilməsinin vacibliyi qeyd olunub. İtaliya bu prosesdə həm siyasi dəstəkçi, həm də iqtisadi tərəfdaş kimi çıxış edir. Bu isə Azərbaycanın Avropa strukturları ilə inteqrasiyasına əlavə impuls verir və qarşılıqlı maraqların təmin olunmasına xidmət edir”.

Münasibətlərdə dönüş nöqtəsi və yeni imkanlar

Soltan Məmmədov hesab edir ki, 13 ildən sonra İtaliya Baş nazirinin Azərbaycana rəsmi səfəri tarixi hadisə kimi qiymətləndirilməlidir: “Bu səfər yalnız diplomatik jest deyil, eyni zamanda, konkret iqtisadi, siyasi və strateji nəticələrə yönəlmiş addımdır. Meloninin paylaşımında qeyd etdiyi kimi, məqsəd mövcud əməkdaşlığı daha da möhkəmləndirmək, onu real layihələrə və konkret nəticələrə çevirməkdir. Bu baxımdan Bakıda keçirilməsi planlaşdırılan biznes forumu və yeni investisiya təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan–İtaliya münasibətləri artıq klassik tərəfdaşlıq çərçivəsini aşaraq strateji ittifaq səviyyəsinə doğru inkişaf edir. Enerji, nəqliyyat, müdafiə, investisiya, təhsil və humanitar sahələrdə genişlənən əməkdaşlıq bu tendensiyanı açıq şəkildə göstərir. Qlobal çağırışların artdığı, geosiyasi risklərin yüksəldiyi bir dövrdə Azərbaycan və İtaliya kimi etibarlı tərəfdaşların birgə fəaliyyəti həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından xüsusi əhəmiyyət kəsb edir. Meloninin Bakıya səfəri isə bu əməkdaşlığın daha da dərinləşəcəyinə, yeni layihələrin reallaşacağına və münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağına ciddi əsas yaradır”.

Soltan Məmmədov Azərbaycan İtaliya Meloni

Xəbər Lenti