Politoloq: Kallasın Azərbaycana səfəri münasibətlərin dinamik inkişafının göstəricisidir

Tarix: 06 May 2026 12:10

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri qarşılıqlı fayda, etimad və güvənə əsaslanan münasibətlərin dinamik inkişafının göstəricisi kimi qiymətləndirilməlidir. Bunu APA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib. Politoloq deyib ki, son illərdə Avropa Parlamentinin Azərbaycan–Aİ münasibətlərini zəiflətməyə yönəlmiş sistemli fəaliyyətinə baxmayaraq, bu cəhdlər məqsədinə çatmayıb və münasibətlər hazırda inkişaf etməkdədir: “İndiyədək Avropa İttifaqı ilə Azərbaycan arasında çoxşaxəli sahələri əhatə edən geniş platformalarda dialoqlar həyata keçirilib. Hazırda bu dialoqlar bir neçə istiqamət üzrə davam edir. Bunların arasında nəqliyyat, enerji təhlükəsizliyi və regional, eləcə də qlobal təhlükəsizlik məsələləri xüsusi yer tutur. Avrasiya materiki kimi strateji əhəmiyyətli regionda Azərbaycanın rolu Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi əslində Avropa İttifaqın Avrasiya məkanında mövqelərinin möhkəmləndirilməsinə xidmət edir”. Yeganə Hacıyeva nəzərə çatdırıb ki, bu gün Azərbaycan Avropa İttifaqına 10 üzv ölkənin enerji təchizatında mühüm rol oynayır: “Bu isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, Avropa ölkələrində Azərbaycanla enerji əməkdaşlığına marağın artdığı açıq şəkildə müşahidə olunur. Bütün bunları nəzərə alsaq, Avropa Parlamentində bəzi siyasi qrupların anti-Azərbaycan mövqeyi formalaşdırmaq cəhdlərinin nəticəsiz qaldığı aydın görünür. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində videobağlantı formatında çıxışı Avropa institutlarına mühüm mesaj idi. Bu çıxış siyasi qrupların İttifaqın gələcəyi üçün yaratdığı risklərlə bağlı xəbərdarlıq xarakteri daşıyırdı və ünvanına çatdı. Kaya Kallasın səfəri və sonrakı təmaslar da bu mesajın qəbul edildiyini göstərir”. Politoloq digər mühüm məqamın Mərkəzi Asiyanın resurslarının Avropaya nəqlində Azərbaycanın kommunikasiya imkanlarından istifadə ilə bağlı olduğunu söyləyib: “Azərbaycanın bu yöndə mövqeyi və rolu Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlığa ehtiyac artır. Nəticə etibarilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı fayda əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu münasibətlər davamlı şəkildə inkişaf edir”.

Yeganə Hacıyeva Kallas Avropa İttifaqı

Xəbər Lenti