Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 14:09
Ermənistan və Türkiyə arasında dialoq artıq müsbət nəticələr verə biləcək qədər yetkinləşib.
APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İrəvan Dialoqu” beynəlxalq konfransında keçirilən müzakirələrdə bildirib.
“Türkiyə ilə əla dialoqumuz var. Əməkdaşlıq üçün çoxlu imkanlar olub. Demək olar ki, nümayəndələrimiz Ermənistan–Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı memorandum imzalayıblar”, o qeyd edib.
Nazir həmçinin Ermənistan və Türkiyə arasında əlaqələrin normallaşması istiqamətində texniki işlərin davam etdiyini bildirib: “Bir həftə əvvəl Gümrü–Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası üçün işçi qrupunun üçüncü iclası keçirilib. Yəni əməkdaşlıq nümunələri çoxdur, amma ümumilikdə sərhəd hələ də bağlıdır”.
Mirzoyan qeyd edib ki, tərəflər diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına qarşılıqlı hazırdır: “Biz ilkin mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatlar üçün sərhədin açılması barədə razılığa gəlmişdik, lakin sərhədlər hələ də bağlıdır”.
XİN rəhbəri əlavə edib ki, bəzi razılaşmalar həyata keçirilir, bəziləri isə hələ hazırlanma mərhələsindədir: “lakin əminliklə deyə bilərəm ki, bu baş verəcək, çünki Ermənistan və Türkiyə arasında dialoq müsbət nəticələr üçün kifayət qədər yetkin səviyyəyə çatıb”.
İlqar Xudiyev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan–Türkiyə sərhədi Ani körpüsü memorandum