Monqolustanın Baş prokuroru Azərbaycana gəlib, memorandum imzalanıb

Tarix: 06 May 2026 15:47

Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu gün Jarqalsaikxan Banzraq Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də məzarını ziyarət edib.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarları da ziyarət olunub.

Baş prokuror Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüşdə dövlətlər arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilib, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb.

Görüşdə Baş prokuror qonaqlara ölkəmizin prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə məlumat verib.

Jarqalsaikxan Banzraq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Bundan başqa, görüş zamanı iki ölkənin prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Həmçinin görüş zamanı Jarqalsaikxan Banzraqa “Azərbaycan Prokurorluğunun 100 illiyi” yubiley medalı təqdim edilib.

Görüşdən sonra qonaqlar Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Monqolustan Baş prokuror Azərbaycana səfər Baş Prokurorluq Kanran Əliyev Memorandum

Xəbər Lenti