Sosialyönümlü siyasət: İslahatlar, dövlətin dəstəyi, vətəndaş rifahı - ARAŞDIRMA

Tarix: 06 May 2026 17:05

Son illər Azərbaycanda bir neçə istiqamətdə, xüsusən sosial sahədə müxtəlif islahatlar həyata keçirilir. Bu islahatların böyük qismi insanların sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Ötən dövr ərzində icra edilən beş sosial islahat zərfi və bunun fonunda dəyişən statistik göstəricilər sözügedən sahədə baş verən dinamik dəyişikliyi aydın əks etdirir.

Bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində bu dəyişikliklərin bir qismi barədə fikirlərini bölüşərək cari vəziyyət barədə məlumat verdi. O bildirdi ki, qarşıya qoyulan böyük hədəflərin icrası əhəmiyyətli maliyyə resursları tələb etsə də, həyata keçirilən ardıcıl və sistemli addımlar ölkədə davamlı sosial islahatların formalaşdığını göstərir.

Nazirin sözlərinə görə, 2018-ci ildən etibarən həyata keçirilən sosial islahat zərfləri milyonlarla vətəndaşı əhatə etməklə onların sosial rifahının yüksəldilməsinə yönəlib. Bu çərçivədə əməkhaqları, pensiya və müavinətlərin artırılması, məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də həssas əhali qruplarına göstərilən dəstəyin gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Eyni zamanda, sosial təminat sistemində aparılan yeniliklər, əlillik meyarlarının təkmilləşdirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi və postmüharibə dövründə şəhid ailələri ilə qaziləri əhatə edən genişmiqyaslı sosial dəstək tədbirləri dövlətin sosialyönümlü siyasətinin real nəticələrini ortaya qoyur. Bütün bu addımlar həm sosial müdafiə mexanizmlərinin əhatəliliyini artırır, həm də vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Son illərdə həyata keçirilən sosial-iqtisadi tədbirlər Azərbaycanın sosial dövlət modelinin möhkəmləndirilməsi istiqamətində atılan məqsədyönlü addımlar kimi dəyərləndirilir və bu siyasətin uzunmüddətli perspektivdə də davamlı inkişaf üçün mühüm baza yaratdığı vurğulanır.

Ailələrin sosial müdafiəsinə yönəlmiş xüsusi proqramlar ardıcıl və mərhələli şəkildə icra olunur

Mövzu ilə bağlı APA-ya danışan sosial məsələlər üzrə ekspert Nail Cəlil bildirib ki, hazırda əhalinin gəlirlərində müəyyən artım müşahidə olunur: “Bu iqtisadi sabitliyin və müsbət dinamikanın göstəricisidir. Nazirin müsahibəsində də göstərilib ki, 1 milyona qədər insanın gəlirində və iqtisadi aktivliyində əhəmiyyətli artım var. Bu, sosial göstəricilərin indeksləşdirilməsi baxımından uğurlu göstəricidir. Görülən işlərin dinamikası müsbətdir, iqtisadi aktivlik var. İşsizlik səviyyəsinin azalması müşahidə edilir. Sosial paketlər insanları, müəyyən mənada, bəzi problemlərdən azad edir.

İslahatlar həssas əhalinin qayğılarını azaldıb. Vətəndaşların necə çalışması, pensiya fondunun necə formalaşması, müəyyən fəaliyyət hədəfləri müqabilində göstərilən davranışlarla insanların iqtisadi azadlıq imkanları genişlənir. Sosial dəstək prinsipi dövlətin sosial sahədə əyani inkişaf modelinin nümunəsidir. Sosial dövlət modelinə keçid Avropada çoxdan başlayıb. Siyasi strukturundan, quruluşundan asılı olmayaraq, sosial dövlət beynəlxalq səviyyədə sosial əməkdaşlığın effektiv modeli kimi tətbiq edilir. Bu baxımdan, Norveç, İsveç, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya, Çin və digər ölkələr ənənəvi dövlətçilik modelindən, siyasi strukturlaşmadan imtina edərək müəyyən sosial himayə modellərini və əhalinin minimum yaşayış tələbatlarının təmin olunması şərtilə azad iqtisadi fəaliyyətə rəvac verilməsini, sosial iqtisadi rifahın önə çəkilməsini prioritet kimi qəbul edirlər. Bu, qlobal tərəfdaşlığa və sosial əməkdaşlığa töhfə verən faktorlar sırasındadır. Bu tənzimləmə həm də Beynəlxalq Əmək Təşkilatının vasitəsilə həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də Beynəlxalq Əmək Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycanda sosial təminatlı proqramların sayı çoxdur. Gənclərə, uşaqlara, yeniyetmələrə, ailələrin sosial müdafiəsinə yönəlmiş xüsusi proqramlar ardıcıl və mərhələli şəkildə icra olunur. Bu da dövlətin sosial siyasətə və sosial dövlət prinsipinə xüsusi önəm verdiyini göstərir”.

Azərbaycanda orta pensiyanın məbləği 11 faiz artıb

Nazir Anar Əliyevin bölüşdüyü bir sıra statistik rəqəmləri yada salmaq yerinə düşər. Belə ki, Azərbaycanda ötən müddət ərzində sosialyönümlü xərclər 2,2 dəfə artaraq 7,8 milyard manatdan 17,1 milyard manat çatıb. Sosial müdafiə və sosial təminat xərcləri isə 2,2 dəfə artaraq 2,3 milyard manatdan 4,9 milyard manata çatıb. Bu il əmək pensiyalarının indeksləşdirilməsi həyata keçirilib və beləliklə, bütün pensiyalar 9,3 faiz məbləğində indeksləşdirilib. Bu məqsədlə 640 milyon manat vəsait yönəlib. Nəticədə, Azərbaycanda orta pensiyanın məbləği 11 faiz artıb. Hazırda orta pensiyanın məbləği 594 manatdır. Yaşa görə isə, orta pensiyanın məbləği 10 faiz artıb. Yaşa görə orta pensiyanın məbləği 632 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin yanvar ayından sistemdə olan şəxslər üzrə pensiya kapitalı 5,6 faiz artıb. Həmçinin 965 min şəxsə ödənilən təqaüd və müavinətlər artıb. Həm təqaüd, həm də müavinət ödənişləri üzrə, haradasa, 16-17 faizə yaxın artım qeydə alınıb.

Ünvanlı dövlət sosial yardımının orta məbləğində 2,4 dəfə artım var

2018-2026-cı illər ərzində minimum pensiya məbləği 2,9 dəfə artırılıb. Minimum pensiya 110 manatdan 320 manata qədər yüksəlib. Orta aylıq pensiyanın məbləğində də artım müşahidə edilib. Orta aylıq pensiya 208 manatdan 594 manata çatdırılıb. Müavinət və təqaüdlərə ayrılan illik vəsaitin məbləği də 5 dəfədəyək artıb. Əvvəllər bu məqsədlər üçün 426 milyon manat ayrılırdısa, hazırda bu vəsaitin məbləği 2,1 milyard manat təşkil edir. Ötən müddət ərzində ünvanlı dövlət sosial yardımının orta məbləğində 2,4 dəfə artım müşahidə edilib. Bu məbləğ 175 manatdan 428 manata artırılıb. Bu çərçivədə yaşayış minimumunun məbləğinin 73 faiz artımına nail olunub. Həmçinin ölkə üzrə ehtiyac meyarının məbləği 2,3 dəfə artıb.

11 min nəfər işsiz şəxsə işsizlikdən sığorta müavinəti verilib

Bir sıra sahələr üzrə artım dinamikası barədə APA-ya danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2018-ci ildən başlayaraq Azərbaycanda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 sosial islahatlar zərfinin qəbul edildiyini qeyd edib: “Bu paketlərin illik maliyyə dəyəri 8.5 milyard manat təşkil edir və 4 milyon vətəndaşın sosial təminatının yaxşılaşmasına xidmət edir. 2025-ci ildə inflyasiya 5,6 % olub, ötən il maaşların və pensiyaların artım tempi isə inflyasiya göstəricisini üstələyib. 2025-ci ildə 189 min nəfər münasib işlə təmin olunub, 18 min nəfər peşə hazırlığı kurslarına, 16.8 min nəfər isə özünəməşğulluq proqramına cəlb edilib, 11 min nəfər işsiz şəxsə işsizlikdən sığorta müavinəti verilib. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, son illərin ən uğurlu sosial layihələrindən biri olan özünüməşğulluq proqramı ilə əhatə olunan şəxslərin sayı 2017-2026-cı illər üzrə 110 min nəfərdən çoxdur”.

Musa Quliyev bildirib ki, ötən ildə pensiya təminatı, müavinət və təqaüdlərin ödənişi, ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin ekspertizası və reabilitasiya, övladlığa götürmə və bu kimi sosial xidmət sahəsində görülən işlərin miqyası və keyfiyyətin yüksəlməsi xüsusi qeyd edilməlidir: “Sosial xidmətlərin elektronlaşdırılması sahəsində 2025-ci ildəki uğurlu fəaliyyəti qeyd edərək bildirmək istəyirəm ki, hesabat dövründə vətəndaşlara 150 istiqamətdə göstərilən sosial xidmətlərin 90%-dən çoxu artıq elektronlaşıb, 52 xidmət isə proaktiv qaydada həyata keçirilir”.

Özünüməşğulluq proqramlarının icrası regionlarda kifayət qədər insana dəstək olub

İqtisadi məsələlər üzrə ekspert Eldəniz Əmirov isə APA-ya açıqlamasında sosial islahatlar fonunda iqtisadi sabitliyin qorunması məsələsinə toxunub: “Sosial xərclərin artırılmasında başlıca amil alıcılıq qabiliyyətinin yüksəlməsidir. Alıcılıq qabiliyyətinin yüksəlməsi eyni zamanda iqtisadi dövriyyəni stimullaşdırır. Sosial xərclərin artımı, az da olsa, gəlir bərabərsizliyini yumşaltmağa xidmət edir. Sosial paketin 4 milyonu əhatə etməsi 10 milyondan 40 faiz göstərici deməkdir. Bu, sistemli və genişmiqyaslı xarakter daşıyır. Burada sosial həssas qruplar, işləyən əhali qrupları var. Bu baxımdan artan dinamikanın olması bəzən uzunmüddətli dönəm ərzində psixoloji olaraq insanda rahatlıq yarada bilər.

Məşğulluq proqramlarını yüksək qiymətləndirmək lazımdır. Ölkədə özünüməşğulluq proqramlarının icrası, ələlxüsus da regionlarda kifayət qədər insana dəstək ola bilib”.

Sosial dövlət modeli möhkəmlənir

Nazir Anar Əliyev müsahibədə onu bildirib ki, 2018-2026-cı illərdə yaradılmış alətlər vasitəsilə 2,3 milyon vətəndaşın müxtəlif aktiv məşğulluq tədbirlərinə cəlb edilməsinə nail olunub. Onlardan 900 minə yaxın şəxsin işə düzəlməsinə köməklik göstərilib, 60 minə yaxın şəxsin isə peşə hazırlığı kurslarına istiqamətləndirilməsi reallaşdırılıb. 112 min şəxsin kiçik ailə təsərrüfatının yaradılmasına, mikrobiznesinin təşkilinə dəstək verilib.

"İşsizin dostu” konsepsiyası çərçivəsində bunu təmin edirik və ötən müddət ərzində 120 minə yaxın şəxsin bu proqram çərçivəsində müvəqqəti məşğulluğunun təmin olunması, bundan sonrakı dövrdə isə əmək bazarına inteqrasiyası məqsədilə tədbirlərimiz həyata keçirilib.

26-27 minə yaxın şəxsin istehsal xidməti istiqaməti üzrə özünüməşğulluğu Dünya Bankının proqramı çərçivəsində həyata keçirilib”, - deyə nazir vurğulayıb.

Beləliklə, həm rəsmi məlumatlar, həm də ekspert rəyləri göstərir ki, Azərbaycanda həyata keçirilən sosial siyasət təkcə sosial müdafiə tədbirləri ilə məhdudlaşmır, eyni zamanda iqtisadi aktivliyin artırılması və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində kompleks yanaşmanı özündə birləşdirir. Görülən işlər bir tərəfdən həssas əhali qruplarının sosial təminatını gücləndirir, digər tərəfdən isə məşğulluğun genişlənməsi və iqtisadi dövriyyənin canlanması ilə ümumi inkişaf prosesinə töhfə verir.

Sosial paketlərin geniş əhatəliliyi, dövlətin bu sahəyə ayırdığı böyük maliyyə resursları və həyata keçirilən məqsədyönlü proqramlar ölkədə sosial dövlət modelinin daha da möhkəmləndiyini nümayiş etdirir. Bu yanaşma həm vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət edir, həm də uzunmüddətli perspektivdə dayanıqlı sosial-iqtisadi inkişaf üçün etibarlı zəmin yaradır.

Günay Elşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Anar Əliyev DSMF təqaüd pensiya məşğuluq maaş iş sosial islahat

Xəbər Lenti