Cümə axşamı, 7 May, 2026
Tarix: 07 May 2026 17:28
Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət, etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir.
Bunu APA-ya açıqlamasında Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, iqtisadi-ticari əməkdaşlığın genişlənməsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin güclənməsi münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Qlobal siyasi və iqtisadi proseslərdə müşahidə olunan mürəkkəb çağırışlara baxmayaraq, Azərbaycan–Çin əlaqələrinin ardıcıl inkişafı tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlığın göstəricisidir. Onun sözlərinə görə, bu münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin həyata keçirdiyi praqmatik və gələcəyə hesablanmış siyasət mühüm rol oynayır.
Soltan Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfərləri strateji tərəfdaşlığın daha da dərinləşməsinə əhəmiyyətli töhfə verib. Xüsusilə, ötən ilin avqust ayında baş tutmuş səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər siyasi etimadı daha da gücləndirib, iqtisadiyyat, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.
Deputat parlamentlərarası əlaqələrin inkişafının da xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın Çinə səfəri qanunverici orqanlar arasında dialoqun genişlənməsinə, təcrübə mübadiləsinin güclənməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verib.
İşçi qrupunun rəhbəri Azərbaycanın “Vahid Çin” siyasətini ardıcıl şəkildə dəstəklədiyini də qeyd edib. O vurğulayıb ki, ölkəmiz beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürür. Azərbaycan Tayvanı müstəqil dövlət kimi tanımır və bu məsələ ilə bağlı Çin Xalq Respublikasının mövqeyini dəstəkləyir.
Soltan Məmmədov əlavə edib ki, uzun illər işğal və separatizmdən əziyyət çəkmiş dövlət kimi Azərbaycan separatizmin bütün formalarını qətiyyətlə pisləyir, bunun regional və beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid yaratdığını vurğulayır və dövlətlərin suverenliyinə hörmət prinsipini daim müdafiə edir.
Soltan Məmmədov Azərbaycan Çin