Politoloq: Minsk qrupu diplomatik fiaskonun simvoluna çevrildi

Tarix: 11 May 2026 17:18

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 10-da Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüş zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, uzun illər ərzində regionda fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu əslində münaqişəni həll etmək yox, onu dondurmaq və işğalı legitimləşdirmək siyasəti yürüdüb.

Politoloq Qabil Hüseynli APA-ya açıqlamasında bildirib ki, Prezidentin çıxışı beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların mahiyyətini bir daha açıq şəkildə ortaya qoydu: “ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi 30 ilə yaxın müddətdə nə işğal faktını aradan qaldırmaq üçün real addım atdı, nə də Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasına ciddi münasibət bildirdi. Əksinə, Minsk qrupu həmsədrlərinin fəaliyyəti göstərirdi ki, onlar status-kvonun saxlanmasında maraqlıdırlar. Münaqişənin həll olunmaması böyük güclər üçün Cənubi Qafqazda təsir vasitəsinə çevrilmişdi. Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər bu həqiqətin dövlət başçısı səviyyəsində növbəti dəfə açıq ifadəsidir”.

Böyük güclərin ortaq maraqları

Qabil Hüseynli vurğulayıb ki, Minsk qrupunun həmsədrləri olan ABŞ Rusiya və Franca təsadüfi dövlətlər deyildi. Onların hər üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və nüvə dövlətləridir: “Bu ölkələri birləşdirən əsas amil geosiyasi maraqlar idi. Bu dövlətlər beynəlxalq hüququ yalnız öz maraqlarına uyğun gələndə müdafiə edirlər. Əgər hansısa qərar onların siyasi strategiyasına cavab verirsə, dərhal icra mexanizmləri işə düşür. Maraqlarına uyğun gəlməyəndə isə həmin qərarlar illərlə kağız üzərində qalır. Azərbaycan torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 30 ilə yaxın icra edilməməsi bunun ən açıq nümunəsidir. Prezident İlham Əliyev illər boyu beynəlxalq tribunalarda bu məsələləri qətiyyətlə gündəmə gətirib və böyük dövlətlərin ikili standart siyasətini açıq şəkildə ifşa edib. Prezident dəfələrlə bildirib ki, əgər beynəlxalq hüquq işləmirsə, onda dövlətlər öz hüquqlarını özləri təmin etməli olurlar. 44 günlük Vətən müharibəsi məhz bu reallığın nəticəsi idi. Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi”.

“Münaqişənin hərbi həlli yoxdur” tezisinin iflası

Politoloq bildirib ki, Minsk qrupu həmsədrlərinin illərlə təkrar etdiyi “münaqişənin hərbi həlli yoxdur” tezisi əslində Azərbaycana təzyiq vasitəsi idi: “Həmin yanaşmanın mahiyyəti Azərbaycanı işğalla barışmağa məcbur etməkdən ibarət idi: “Həmsədrlər kompromis adı altında Azərbaycandan təslimçi mövqe gözləyirdilər. Hətta müəyyən mərhələdə "Şimali Qarabağ" kimi uydurma və təhlükəli terminlər ortaya atılmışdı. Bu isə Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına hesablanmış yanaşma idi. Beynəlxalq vasitəçilər işğal dövründə Ermənistanın törətdiyi dağıntılara da bilərəkdən göz yumurdular. Onların gözü qarşısında şəhərlərimiz yerlə-yeksan edilirdi, tarixi və dini abidələr dağıdılırdı, sərvətlər talan olunurdu. Qarabağda qanunsuz məskunlaşma siyasəti aparılırdı. Xaricdən böyük maliyyə vəsaitləri axıdılırdı. Amma Minsk qrupu bütün bunlara ya səssiz qalırdı, ya da formal bəyanatlarla kifayətlənirdi. Bu, vasitəçilik deyil, açıq qərəz idi”.

“Diplomatik turizm” siyasəti

Politoloq ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həllində maraqlı olmadıqların qeyd edib: “Uzun illər ərzində regiona edilən səfərlər real nəticə verməyən diplomatik şou xarakteri daşıyırdı. Bu şəxslər münaqişənin həllində maraqlı deyildilər. Əksinə, prosesin uzanması onlar üçün siyasi və maddi dividendlər yaradırdı. Həmsədrlər vaxtaşırı bölgəyə gəlir, standart açıqlamalar verir və yenidən gedirdilər. Xüsusi nümayəndə institutu isə faktiki olaraq yüksək maaşlı və imtiyazlı vəzifəyə çevrilmişdi. Prezident İlham Əliyevin müharibədən sonra həmsədrlərə “sizin xidmətinizə ehtiyac yoxdur” mesajı verməsi Azərbaycan diplomatiyasının prinsipial mövqeyinin göstəricisi idi. Bu, çox ciddi siyasi mesaj idi. Azərbaycan açıq şəkildə göstərdi ki, nəticəsiz və qərəzli vasitəçiliyə artıq ehtiyac yoxdur. Çünki problemi yaradan yox, həll edən tərəf Azərbaycan oldu”.

Vətən müharibəsi beynəlxalq sistemə verilən mesaj idi

Qabil Hüseynli vurğulayıb ki, Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi “bizə çox böyük təzyiqlər vardı” fikri 44 günlük müharibə dövründə Azərbaycanın hansı beynəlxalq basqılarla üzləşdiyini göstərir: “Həmin dövrdə dünyanın aparıcı gücləri müxtəlif səbəblərdən Azərbaycanın qələbəsini istəmirdilər. Çünki Azərbaycanın qələbəsi uzun illər formalaşdırılmış siyasi balansı dəyişirdi. İşğal faktı bəzi dairələr üçün təzyiq aləti idi. Azərbaycan isə bu mexanizmi dağıtdı. Prezidentin dediyi kimi, bizi dayandırmaq istəyənlər sıradan dövlətlər deyildi. Onlar nüvə dövlətləri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Buna baxmayaraq Azərbaycan siyasi iradə, güclü ordu və xalq-iqtidar birliyi hesabına tarixi qələbə qazandı. Bu qələbə təkcə hərbi uğur deyildi. Bu, həm də beynəlxalq münasibətlər sistemində ikili standartlara qarşı verilmiş siyasi cavab idi. Azərbaycan göstərdi ki, beynəlxalq hüquq selektiv tətbiq olunursa, dövlətlər öz haqqını özləri bərpa etmək gücündə olmalıdırlar”.

Minsk qrupu diplomatik tarixdə uğursuz model kimi qalacaq

Politoloq hesab edir ki, ATƏT-in Minsk qrupu artıq diplomatiya tarixində uğursuz vasitəçilik institutunun simvoluna çevrilib: “Bu qurum diplomatik riyakarlığın, ikili standartların və müstəmləkə təfəkkürünün nümunəsi kimi tarixdə qalacaq. Onlar 30 il ərzində münaqişəni həll etmədilər, əksinə, status-kvonu qorumağa çalışdılar. Amma Azərbaycan xalqının iradəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu planları alt-üst etdi. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın tarixi zəfərinin ən böyük göstəricisidir. Prezidentin Zəngilanda ailələrlə görüşü xüsusi simvolik məna daşıyır. Vaxtilə viran qoyulmuş torpaqlarda artıq həyat yenidən bərpa olunur. İnsanlar öz evlərinə qayıdır. Bu mənzərə həm də Minsk qrupunun iflasının, Azərbaycanın isə qələbəsinin ən real və canlı sübutudur”.

Faiq Mahmudov Minsk qrupu Prezident İlham Əliyev Zəngilan

Xəbər Lenti