Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 11:09
Ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və dörd ay sonra xalqın iradəsi ilə prezident seçilməsi destruktiv proseslərin qarşısını almağa və ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ciddi təhdidlərlə qarşı qarşıya qalmışdı: “Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndərin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradıldı. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrildi. Ümummilli Liderin başlatdığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bu isə xalqımızın və dövlətimizin taleyi ilə bağlı olan ən mühüm problemin həllinə imkan vermişdir. Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında tarixi qələbələr qazanılıb. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanmış tarixi missiya şərəflə başa çatdırılıb. Bir məqamı hər zaman qürurla vurğulayırıq ki, Ulu Öndər Azərbaycana parlamentin sədri kimi qayıtmışdı. Onun ideyası daim yaşayır və yaşayacaq".
Firuzə Vahid Sahibə Qafarova Heydər Əliyev