Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 12:04
Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar Ermənistandakı revanşistlərə xəbərdarlıqdır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev bildirib.
Deputat deyib ki, Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşdəki çıxışı Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallıqların və xarici siyasət kursunun, ümumilikdə isə Ulu Öndər Heydər Əliyevin idarəçilik dövründən başlanan dövlətçilik mübarizəmizin strateji manifesti kimi qiymətləndirilə bilər: "Prezidentin verdiyi mesajlar məkan və zaman nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Zəngilan işğaldan azad edilmiş Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşir. Deməli, Zəngəzurun qərb hissəsi də var və bu məkanın 1920-ci il noyabrın 30-da Ermənistana verilməsi tarixi faktdır. Başqa sözlə, erməni məsələsindən müxtəlif güclərin Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etməsinin uzun tarixi var. İkincisi, 7 iyun parlament seçkilərinə sayılı günlər qaldığından Prezidentin Zəngilandan verdiyi mesajlar xarici qüvvələrlə yanaşı, Ermənistanın bütün siyasi dairələrinə, ələlxüsus revanşistlərə xəbərdarlıqdır. Prezidentin mesajı dövlətimizin real hərbi gücünün və praqmatik siyasətinin göstəricisidir və birmənalı xarakter daşıyır”.
Rizvan Nəbiyev qeyd edib ki, Afrika və Yaxın Şərqdə təsir imkanlarını itirən Fransa, daxildə ciddi nüfuz itkisi ilə üzləşən rəhbərliyi fonunda yeni geosiyasi aktivlik zonaları axtarışındadır və Cənubi Qafqaza nüfuz etməyə çalışır: “Ermənistan hökuməti isə ölkənin uzun müddət yerinə yetirdiyi forpost funksiyasını indi Fransanın neokolonializm platformasına çevrilmək siyasəti ilə əvəz etməyə çalışır. Fransa Prezidenti Cənubi Qafqazın ‘imperiyalar arasında rəqabət meydanına çevrilməməli olduğunu’ bildirsə də, Ermənistanın hərbiləşdirilməsi siyasətini aparır. Tarixdən dərs çıxarmaq, himayədar axtarışını dayandırmaq və Azərbaycanın yaratdığı yeni siyasi reallıqlara uyğun siyasət yürütmək üçün hələ də vaxt və şans var”.
Firuzə Vahid Rizvan Nəbiyev Prezident İlham Əliyev Zəngilan Ermənistan revanşistlər