Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 09:37
İran Xarici İşlər Nazirliyi Küveytin Xarici İşlər və Daxili İşlər nazirliklərinin bəyanatlarında Tehranın Küveytə qarşı düşmən fəaliyyətlər planlaşdırması barədə irəli sürülən iddiaları tamamilə əsassız adlandırıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib ki, İran İslam Respublikasına məxsus 4 İran vətəndaşı adi dəniz patrul xidməti çərçivəsində vəzifə yerinə yetirərkən naviqasiya sistemində yaranan nasazlıq səbəbindən Küveytin ərazi sularına daxil olub.
Bəyanatda Küveyt hökumətinin bu məsələni siyasi təbliğat məqsədilə gündəmə gətirməsi qeyri-adekvat addım kimi qiymətləndirilib.
Xarici İşlər Nazirliyi İranın regiondakı bütün ölkələrin, o cümlədən Küveytin suverenliyinə və ərazi bütövlüyünə hörmət siyasətini bir daha xatırladaraq, Küveytin aidiyyəti qurumlarından tələsik açıqlamalardan və əsassız iddialardan çəkinməyi, mövcud məsələləri rəsmi kanallar vasitəsilə izləməyi gözlədiyini bildirib.
Nazirlik həmçinin Küveytdə saxlanılan İran vətəndaşlarına İran səfirliyinin ən qısa zamanda beynəlxalq hüquq normalarına uyğun şəkildə çıxış əldə etməsinin və onların dərhal azad olunmasının zəruriliyini vurğulayıb.
Haşim Rahimi İran Küveyt