Rusiyanın Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb, 57 yaralı var - YENİLƏNİB-1

Tarix: 14 May 2026 21:27

Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 12 nəfərə yüksəlib.

Bu barədə RBK-Ukrayna məlumat yayıb.

Məlumata görə, paytaxtın Darnitski rayonunda dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Hadisə yerində psixoloqlar və Ukrayna Fövqəladə Hallar Xidmətinin üç kinoloji qrupu fəaliyyət göstərir.

Nəticələrin aradan qaldırılmasına ümumilikdə 170-ə yaxın xilasedici və 51 texnika cəlb olunub. Mütəxəssislər dağıntılar altında qala biləcək şəxslərin axtarışını davam etdirirlər.

Kiyev meri Vitali Kliçko bildirib ki, ölənlər arasında 15 yaşlı qız da var. Onun sözlərinə görə, zərbə nəticəsində 57 nəfər yaralanıb.

Hazırda 27 yaralının paytaxt xəstəxanalarında stasionar müalicə aldığı qeyd olunur.

14:42 Rusiyanın gecə hücumu nəticəsində Kiyevdə beş nəfərin öldüyü məlumdur.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyevdə 40-a yaxın insan yaralanıb.

“Hazırda Kiyevin Darnitski rayonunda axtarış-xilasetmə əməliyyatı davam edir, 10-dan çox insan itkin düşmüş sayılır”, - Zelenski yazıb.

Zelenski bildirib ki, bütün bu hücumlara ədalətli cavab veriləcək. O, bütün dünyanı Moskvaya təzyiq göstərməyə və Ukraynanın tərəfində dayanmağa çağırıb.

***

08:33

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hazırda hücum nəticəsində 16 nəfərin yaralandığı məlumdur.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Darnitski rayonunda çoxmərtəbəli bina uçub.

Xilasedicilərin yaralıların tapılması üçün axtarış-xilasetmə işləri gördüyü bildirilir.

Ukrayna Kiyev Rusiya

Xəbər Lenti