- , 29 Dekabr, 2024
Tarix: 01.04.2024 12:06
Psixi sağlamlıq və insan hüquqları haqqında danışarkən narkomaniya probleminə toxunmamaq mümkün deyil. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, ölkədə narkomaniya ilə bağlı problem aktuallığını qorumaqdadır.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, narkomaniyadan əziyyət çəkən şəxslərin hüquqlarının təmin edilməsi vacib məsələlərdəndir və tərəfimizdən diqqətdə saxlanılır. Narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi də mövcuddur:
Respublika Narkoloji Mərkəzinə tərəfimizdən ötən il həyata keçirilmiş başçəkmə zamanı həmin gün üçün 2.000 pasiyentin Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum olub. Bu məsələyə diqqəti çəkərək narahatlığımı bildirir, aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram.
Bu gün ölkəmizdə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla - narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar mövcuddur. Bu isə ciddi problemlərə, orada reabilitasiya keçən insanların həyat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır”.
Ombudsman deyib ki, Penitensiar Xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur:
“Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdən “Cəzanın çəkilməsinə mane olan ağır xəstəliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları”nın yenidən baxılması təklif edilib.
Bununla yanaşı, başçəkmələrin təhlili penitensiar müəssisələrdə psixoloji yardımla bağlı müəyyən çatışmazlıqların olması qənaətinə gəlməyə də əsas verir. Bu baxımdan qapalı müəssisələrdə cəza çəkən və psixi sağlamlığına potensial təhlükə yarana biləcək şəxslərə keyfiyyətli və adekvat yardımın göstərilməsinə ciddi ehtiyac var.
Bu gün cəmiyyətimizdə hələ də psixi sağlamlıqla bağlı stereotiplər qalmaqdadır. Düzdür, əvvəlki dövrlərə müqayisədə cəmiyyətin baxışı bu məsələdə müsbətə doğru dəyişməkdədir, lakin hələ də, psixiatriyanı, psixi sağlamlıqla bağlı məsələnin “ayıb, xoşa gəlməyən” hal kimi qiymətləndirilməsi, psixiatra və psixoloqa müraciət edilməməsi, bundan mümkün qədər qaçılması geniş yayılmışdır. Diskriminasiya, stiqmatizasiya halları da hələ də cəmiyyətimizdə mövcuddur. Bu isə bir sıra hallarda faciəvi nəticələrə gətirib çıxarır.
Digər narahatedici məqam psixoloqların bəzi hallarda psixiatr qismində çıxış etmələri, müvafiq müalicə aparmaq cəhdləridir ki, bu da qəbuledilməzdir. Yeri gəlmişkən, bu gün ölkəmizdə müvafiq tam təhsili və təcrübəsi olmadan psixoloq kimi fəaliyyət göstərən şəxslərin sayı da təəssüf ki, az deyil”.