GEM: Son aylarda qızılca xəstəliyinin səviyyəsində azalma qeydə alınıb

Tarix: 03.04.2024 14:09

Son aylarda qızılca xəstəliyinin səviyyəsində azalma qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub:

"Bununla əlaqədar, Azərbaycan ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması işləri gücləndirilib. Hazırda, ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali arasında müalicə-profilaktika müəssisələri tərəfindən peyvəndləmə işləri davam etdirilir. Respublika ərazisində qızılca xəstəliyinə qarşı (QPM və QMi) peyvəndlər ilə əhatə olunma artırılıb. Nəticədə son aylarda xəstəliyin səviyyəsində azalma qeydə alınıb".

"Qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, hələ də peyvənddən kənarda qalan əhali qruplarının peyvənd olunması tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.

Xəbər Lenti