Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 13:08
Dünyanın bir çox ölkələrində olduğu kimi, bizim cəmiyyətimizdə də ailələrin cins seçimi zamanı oğul övladını seçməsi mövcud olan reallıqdır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
“Selektiv yanaşma və cins seçimi dünyanın bir çox ölkələrində olduğu kimi, bizim cəmiyyətimizdə də mövcud olan reallıqdır. Əlbəttə ki, ailələrin oğul övladına üstünlük verməsi müəyyən sosial və mənəvi səbəblərlə əlaqədardır. Amma oğlanlarla yanaşı, qız övladlarına da eyni dərəcədə ehtiyac var və cəmiyyət bunu düzgün şəkildə qəbul etməlidir. Ona görə də ailə təfəkküründə kök salmış bəzi stereotiplərdən azad olmaq üçün hərtərəfli tədbirlər həyata keçirilməlidir. Biz koordinasiya olunmuş və əlaqələndirilmiş tədbirlər görməliyik”.
Komitə sədri diqqətə çatdırıb ki, uşaq doğumu və reproduktiv sağlamlıqla bağlı problemlər bu sahədə əlavə qanunvericilik təşəbbüslərinə ehtiyac olduğunu göstərir: “Araşdırmalar zamanı məlum olur ki, bir çox hallarda doğum səviyyəsinin azalması insanların kifayət qədər tibbi dəstək ala bilməməsi ilə bağlıdır”, - deyə Dövlət Komitəsinin sədri qeyd edib.
Firuzə Vahid Bahar Muradova Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ailələr oğul övladıMənbə: apa.az