Prezidentin müşavirədə mesajları: Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçir  - RƏY

Prezidentin müşavirədə mesajları: Azərbaycan kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçir - RƏY

Tarix: 28 May 2026 12:40

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə aqrar sektorun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, müşavirədə səsləndirilən hədəflər və hazırlanmış yeni Dövlət Proqramı Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi, regionların inkişafı və qeyri-neft iqtisadiyyatının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Aqrar sektorda yeni mərhələ

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər kənd təsərrüfatının artıq keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir: “Dövlət başçısı vurğuladı ki, məqsəd yalnız istehsal həcmini artırmaq deyil, rəqabətqabiliyyətli, texnoloji və dayanıqlı aqrar iqtisadiyyat qurmaqdır. Bu, çox mühüm yanaşmadır. Çünki müasir dövrdə kənd təsərrüfatı sadəcə ənənəvi istehsal sahəsi deyil, həm də innovasiya, logistika, ixrac və yüksək əlavə dəyər yaradan strateji iqtisadi sektordur. Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur. Proqram aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsala keçidi sürətləndirməyi, dəyər zəncirlərini inkişaf etdirməyi, fermerlərin müasir aqrar xidmətlərə çıxışını genişləndirməyi nəzərdə tutur. Burada həm su və torpaq ehtiyatlarından səmərəli istifadə, həm aqrar təhsil və innovasiya, həm də aqrar-emal və logistika infrastrukturunun inkişafı əsas prioritetlər kimi müəyyən edilib. Bu yanaşma kənd yerlərinin sosial rifahını gücləndirəcək və regionların balanslı inkişafına xidmət edəcək”.

2004-cü ildən başlayan strateji inkişaf xətti

Tahir Mirkişili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar siyasətin əsası hələ 2004-cü ildə qəbul olunmuş ilk regional inkişaf proqramı ilə qoyulub: “Həmin dövrdə bölgələrdə vəziyyət tamamilə fərqli idi. Qazlaşdırma çox aşağı səviyyədə idi, elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanırdı, avtomobil yolları yararsız vəziyyətdə idi, su təchizatı demək olar ki, çökmüşdü. Regionların sosial və iqtisadi dirçəlişi üçün genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi zəruri idi. Son 20 ildə qəbul edilmiş dövlət proqramları nəticəsində regionlarda böyük dəyişikliklər baş verib. Bu gün ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb. Yeni magistral yollar, kəndlərarası yollar salınıb, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri su anbarları tikilib. Elektrik enerjisi ilə bağlı problemlər tam aradan qaldırılıb və Azərbaycan artıq enerji ixrac edən ölkəyə çevrilib. Bütün bunlar kənd təsərrüfatının inkişafına birbaşa müsbət təsir göstərib”.

Subsidiya və dövlət dəstəyi mühüm rol oynayır

Deputat deyib ki, Azərbaycanın aqrar sektorda əldə etdiyi nəticələrdə dövlət dəstəyi xüsusi rol oynayır: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan dünyada ən geniş subsidiya mexanizmlərini tətbiq edən ölkələrdən biridir. Fermerlərə əkin subsidiyaları, yanacaq və gübrə güzəştləri verilir, güzəştli kreditlər təqdim olunur, aqroparklar yaradılır, metodik tövsiyələr və treninqlər keçirilir. Təkcə 2025-ci ildə fermerlərə 285 milyon manat əkin subsidiyası ödənilib. Bu siyasət kənd təsərrüfatında dayanıqlı inkişafın və ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verib. Bu gün meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə özünütəminetmə səviyyəsi 100 faizi ötüb”.

Onun sözlərinə görə, kənd təsərrüfatı artıq Azərbaycanın qeyri-neft iqtisadiyyatının aparıcı istiqamətlərindən biridir: “2025-ci ildə kənd təsərrüfatının ümumi məhsul istehsalı 14,2 milyard manata çatıb. Aqrar sektorun ÜDM-də payı 5,9 faiz olub. Aqrar məhsulların ixracı isə ötən illə müqayisədə 18,5 faiz artıb”.

Ərzaq təhlükəsizliyi əsas prioritetdir

Tahir Mirkişili nəzərə çatdırıb ki, müşavirədə əsas diqqət yetirilən məsələlərdən biri də ərzaq təhlükəsizliyi olub: “Bu gün dünyada müharibələr, logistika zəncirlərinin qırılması, iqlim dəyişiklikləri və enerji böhranı ərzaq təhlükəsizliyini bütün dövlətlər üçün prioritet məsələyə çevirib. Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan öz ərzaq təhlükəsizliyini daha da gücləndirməlidir. Xüsusilə taxılçılıq sahəsində məhsuldarlığın artırılması əsas hədəflərdəndir. 2030-cu ilədək ixtisaslaşmış rayonlarda buğda üzrə hər hektardan orta məhsuldarlığın 50 sentnerə çatdırılması nəzərdə tutulur. Bunun nəticəsində istehsalda təxminən 20 faiz artım əldə olunacaq və özünütəminetmə səviyyəsi yüksələcək”.

Deputat əlavə edib ki, pambıqçılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq istiqamətlərində də ciddi inkişaf hədəfləri müəyyən olunub: “Pambıq üzrə məhsuldarlığın 50 sentnerə çatdırılması, emal məhsullarının həcminin 4 dəfə artırılması planlaşdırılır. Süd istehsalının 10 faiz, mal əti istehsalının 20 faiz artırılması nəzərdə tutulur. Quşçuluq və balıqçılıq sahələrində də özünütəminetmə səviyyəsinin yüksəldilməsi əsas məqsədlərdəndir”.

Müasir texnologiyalar və rəqəmsallaşma

Tahir Mirkişili bildirib ki, yeni Dövlət Proqramının əsas fərqləndirici cəhətlərindən biri rəqəmsallaşma və texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilməsidir: “Prezident İlham Əliyev torpaqların dəqiq analizinin aparılması, süni intellekt, peyk texnologiyaları və elektron məlumat bazalarının tətbiqi ilə bağlı çox mühüm mesajlar verdi. Məqsəd torpaq ehtiyatlarından maksimum səmərəli istifadə etməkdir”.

Onun sözlərinə görə, müasir suvarma sistemlərinin genişləndirilməsi də məhsuldarlığa ciddi təsir göstərəcək: “Hazırda müasir suvarma sistemləri 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır. Bu isə məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Şirvan və Qarabağ kanallarının yenidən qurulması yüz minlərlə hektar torpağın su ilə təmin edilməsinə imkan yaradacaq: “Bu layihələr kənd təsərrüfatının gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır”.

Aqrar ixrac və “Made in Azerbaijan” brendi

Tahir Mirkişili qeyd edib ki, aqrar istehsalın və emal sənayesinin inkişafı Azərbaycanın ixrac potensialını daha da gücləndirəcək: “Pomidor, fındıq, xurma kimi məhsullar artıq Azərbaycanın ixrac ixtisaslaşmasının mühüm hissəsinə çevrilib. Xüsusilə fındıq ixracında Azərbaycan dünya bazarında aparıcı ölkələrdən biridir”.

O bildirib ki, aqrar məhsulların brendləşdirilməsi “Made in Azerbaijan” təşəbbüsünün güclənməsinə də xidmət edir: “Məqsəd yalnız xammal ixrac etmək deyil, yüksək əlavə dəyər yaradan emal məhsullarının istehsalını artırmaqdır. Prezident İlham Əliyevin pambıqçılıqla bağlı qeyd etdiyi kimi, mahlıc deyil, hazır məhsul ixrac etməliyik.

Deputat əlavə edib ki, yeni bazarların araşdırılması və ixrac strategiyasının təkmilləşdirilməsi də əsas istiqamətlərdəndir: “Dünya bazarlarında dəyişən tələbat nəzərə alınmalı, subsidiyalar və istehsal siyasəti çevik şəkildə bazar şərtlərinə uyğunlaşdırılmalıdır”.

Qarabağ və Şərqi Zəngəzur yeni aqrar inkişaf mərkəzinə çevrilir

Tahir Mirkişili işğaldan azad edilmiş ərazilərin aqrar reinteqrasiyasının Dövlət Proqramının əsas istiqamətlərindən biri olduğunu söyləyib: “Qarabağ və Şərqi Zəngəzur geniş torpaq ehtiyatları, münbit iqlim və zəngin su resursları ilə Azərbaycanın yeni aqrar inkişaf mərkəzlərindən birinə çevrilir. Bölgədə “ağıllı kənd”, müasir aqropark və innovativ suvarma sistemləri tətbiq edilir . Xaçınçay, Suqovuşan, Sərsəng, Zabuxçay və digər su anbarlarının bərpası bölgənin aqrar potensialını əhəmiyyətli dərəcədə artıracaq. Üzümçülük, heyvandarlıq, taxılçılıq, bağçılıq və arıçılıq ənənələrinin bərpası bölgədə məşğulluğun və rifahın yüksəlməsinə xidmət edəcək. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı Böyük Qayıdış prosesinin iqtisadi əsas sütunlarından biridir”.

Özəl sektor və xarici investisiyalar üçün yeni imkanlar

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi əsas mesajlardan biri də özəl sektorun və xarici investorların fəal iştirakının vacibliyi olub: “Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə 3 milyard manatdan artıq investisiyanın cəlb olunacağı gözlənilir. Bu, aqrar sektora inamın və potensialın göstəricisidir. Azərbaycan kənd təsərrüfatına sərmayə qoyuluşu üçün regionun ən perspektivli ölkələrindən biridir. Ölkəmizdə siyasi sabitlik, təhlükəsizlik, müasir infrastruktur və dövlət dəstəyi investorlar üçün çox əlverişli mühit yaradır”.

“Kənd təsərrüfatı sosial rifahın əsas dayaqlarından biridir”

Tahir Mirkişili vurğulayıb ki, kənd təsərrüfatı təkcə iqtisadi deyil, həm də sosial baxımdan strateji sahədir: “Bu gün kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq ümumi məşğulluğun 35 faizini təmin edir. Bu isə aqrar sektorun regionların sosial inkişafı və insanların rifahı baxımından nə qədər mühüm rol oynadığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın ərzaq təhlükəsizliyini daha da gücləndirəcək, regionların inkişafına yeni impuls verəcək və ölkənin qeyri-neft ixrac potensialını genişləndirəcək. Yeni Dövlət Proqramı kənd təsərrüfatında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Məqsəd daha məhsuldar, rəqabətqabiliyyətli, ixracyönümlü və texnoloji aqrar iqtisadiyyat formalaşdırmaqdır. Bu siyasətin nəticəsində həm kənd insanının rifahı yüksələcək, həm də Azərbaycanın qlobal ərzaq bazarlarında mövqeyi daha da möhkəmlənəcək”.

Tahir Mirkişili Prezident İlham Əliyev müşavirə kənd təsərrüfatı

Mənbə: apa.az

Xəbər Lenti