Cümə, 29 May, 2026
Tarix: 29 May 2026 17:32
Xocalıda fəaliyyətə başlayan “Qarabağ Tekstil Evi” MMC-də il ərzində 1,4 milyon ədəd tekstil məhsulunun istehsalı nəzərdə tutulur.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu barədə “Qarabağ Tekstil Evi” MMC-nin təsisçi-direktoru Rizvan Təhməzov məlumat verib.
Onun sözlərinə görə, Türkiyə və Çin texnologiyalarının tətbiq olunduğu müəssisədə ilkin mərhələdə yataq dəstləri, çarpayı və divan örtükləri, dəsmallar və digər ev tekstili məhsulları istehsal ediləcək. O qeyd edib ki, müəssisənin illik istehsal gücü 1,4 milyon ədəd təşkil edəcək.
Rizvan Təhməzov bildirib ki, xammal əsasən daxili bazardan tədarük olunacaq, eyni zamanda Türkiyə, Özbəkistan və Çindən də idxal ediləcək. İstehsal olunan məhsulların daxili bazara çıxarılması ilə yanaşı, ixracı da planlaşdırılır: "Müəssisədə hazırda 85 nəfər daimi işlə təmin olunub. İşçilərin əksəriyyətini işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan sakinlər təşkil edir".
Bundan əlavə, Xocalı və Ağdam rayonlarının 40 sakininin peşə hazırlığı proqramına cəlb ediləcəyi, təlimləri uğurla başa vuran şəxslərin müəssisədə işlə təmin olunacağı qeyd edilib.
Təsisçi-direktorun sözlərinə görə, gələcəkdə iş yerlərinin sayının 200 nəfərə çatdırılması və əlavə olaraq geyim istehsalının təşkili nəzərdə tutulur: "Şirkətin Xankəndi şəhərində fəaliyyət göstərən tikiş fabrikində isə hazırda 60 nəfər çalışır. Müəssisənin yaradılmasına ümumilikdə 4,2 milyon manat investisiya yatırılıb. Bunun 3,2 milyon manatı güzəştli kredit, 1 milyon manatı isə özəl investisiya hesabına təmin edilib".
Qeyd olunub ki, müəssisənin fəaliyyəti yerli istehsalın və ixrac potensialının genişlənməsinə, idxaldan asılılığın azalmasına və işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına töhfə verəcək. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan vergi, gömrük və digər güzəştlərdən də yararlanacaq.
Elgün Gəncimsoy Xocalı tekstil







Mənbə: apa.az