Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 17:00
Mərkəzi Asiya qlobal enerji keçidində dönüş nöqtəsinə çatıb. Region böyük bərpa olunan enerji potensialına, genişlənən regional əlaqələrə və davamlı inkişafa dair aydın öhdəliyə malikdir.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera bildirib.
Onun sözlərinə görə, artıq məsələ enerji keçidinin baş verib-verməyəcəyində deyil. Əsas sual odur ki, bu prosesin sürətinə uyğun olaraq investisiyalar, sənaye və əlavə dəyər yaradan fəaliyyətlər harada cəmləşəcək.
"2025-ci ildə bərpa olunan enerji elektrik enerjisi istehsalının ən rəqabətqabiliyyətli mənbəyinə çevrilib və təkcə maya dəyəri və tətbiq sürətinə görə deyil, həm də enerji təhlükəsizliyi, dayanıqlılıq və uzunmüddətli sabitlik baxımından fosil yanacaqları üstələyib. Dünyada ötən il rekord həcmdə – 692 giqavat bərpa olunan enerji gücü istifadəyə verilib. Bərpa olunan enerji mənbələri qlobal quraşdırılmış elektrik istehsalı gücünün 49 faizini və yeni əlavə olunan güclərin 85 faizini təşkil edib", - Françesko La Kamera qeyd edib.
O vurğulayıb ki, xüsusilə sevindirici hal odur ki, bu dinamika artıq yalnız bir neçə böyük bazarla məhdudlaşmır. Getdikcə daha çox inkişaf etməkdə olan regionlarda, o cümlədən Mərkəzi Asiyada da öz əksini tapır.
Françesko La Kamera onu da əlavə edib ki, Mərkəzi Asiya bu qlobal inkişaf tendensiyasına getdikcə daha çox töhfə verir və bərpa olunan enerji investisiyaları üçün mühüm bazara çevrilir. Regionda bərpa olunan enerji sektorunun artımı 20 faizdən çox olub ki, bu da qlobal orta göstərici olan 15,5 faizdən xeyli yüksəkdir.
"Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını tam reallaşdırmaq üçün daha güclü regional koordinasiya və əməkdaşlıq vacib olacaq. Buna görə də bərpa olunan enerji investisiyalarının təşviqi strategiyaların uyğunlaşdırılması və layihələrin icrasının sürətləndirilməsi məqsədilə vahid regional çərçivənin formalaşdırılmasını tələb edir, - baş direktor qeyd edib.
Emil İsmayılov Françesko La Kamera IRENA Mərkəzi Asiya qlobal enerjiMənbə: apa.az