D-8-in Baş katibi: İqtisadiyyatlarımız inkişaf etdikcə enerji tələbatımız da artacaq

D-8-in Baş katibi: İqtisadiyyatlarımız inkişaf etdikcə enerji tələbatımız da artacaq

Tarix: 01 Jun 2026 18:15

Bugünkü nazirlər toplantısı D-8 Təşkilatının 2020–2030-cu illəri əhatə edən Onillik Yol Xəritəsinin həyata keçirilməsində mühüm mərhələdir. Bu yol xəritəsində enerji məsələləri xüsusi yer tutur.

"APA-Economics" xəbər verir ki, bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud Bakıda keçirilən D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü zamanı bildirib.

"Bu görüş enerji sahəsinin sadəcə əməkdaşlıq istiqamətlərindən biri olmadığını, əksinə, iqtisadi artımın, sənaye inkişafının, ticarət rəqabətqabiliyyətinin, texnoloji tərəqqinin, ərzaq təhlükəsizliyinin və dayanıqlı rifahın təmin edilməsində strateji rol oynadığını dərk etdiyimizi nümayiş etdirir", - Baş katib qeyd edib.

Onun sözlərinə görə, bugünkü iclasın əsas mövzusu olan karbohidrogen sektoru, enerji keçidi və enerji bağlantıları sahəsində əməkdaşlığın gücləndirilməsi həm aktual, həm də olduqca vacibdir.

"Bu mövzu sürətlə dəyişən qlobal enerji mühitində D-8 üzv dövlətlərinin qarşılaşdığı əsas çağırışları özündə ehtiva edir. Bu çağırışlara ənənəvi və bərpa olunan enerji mənbələrinə artan tələbat, təchizat zəncirlərindəki pozuntular, enerji bazarlarındakı dalğalanmalar və aşağı karbonlu, dayanıqlı enerji sistemlərinə keçidlə bağlı artan təzyiqlər daxildir", - Sohail Mahmud vurğulayıb.

O əlavə edib ki, D-8 ölkələri təxminən 1,3 milyard nəfərlik əhalini və ümumi daxili məhsulu 5 trilyon ABŞ dollarını aşan nəhəng iqtisadi məkanı təmsil edir. Üzv dövlətlərimiz böyük karbohidrogen istehsalçıları, sürətlə böyüyən enerji istehlakçıları, inkişaf edən bərpa olunan enerji bazarları və dünyanın ən strateji enerji və ticarət dəhlizlərinin yerləşdiyi ölkələrdir.

"İqtisadiyyatlarımız inkişaf etdikcə enerji tələbatımız da artmağa davam edəcəkdir, - Baş katib bildirib.

Bu arada, bərpa olunan enerji mənbələri artıq dünya üzrə elektrik enerjisi istehsalının təxminən üçdə birini təmin edir ki, bu da təmiz enerji texnologiyalarının gələcəyin enerji mənzərəsinin formalaşmasında artan rolunu əks etdirir.

"Bu tendensiyalar D-8 ölkələri üçün mühüm bir mesaj verir: innovasiyaları və daha təmiz texnologiyaları qəbul etməli olsaq da, enerji keçidi praqmatik, balanslı və milli inkişaf prioritetləri ilə uzlaşan şəkildə həyata keçirilməlidir", - Sohail Mahmud qeyd edib.

Emil İsmayılov enerji tələbat

Mənbə: apa.az

Xəbər Lenti