Cümə axşamı, 11 İyun, 2026
Tarix: 11 Jun 2026 10:35
Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, ölkədə neft hasilatının sabitləşməsi, qaz hasilatında isə 2023-2025-ci illərdə müşahidə olunan kəskin artım tempinin gələcəkdə davam etməməsi iqtisadi inkişaf üçün yeni yanaşmaları zəruri edir.
E. Soltanov bildirib ki, iqtisadi siyasətin əsas məqsədi sadəcə diversifikasiya deyil, dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsi olmalıdır.
Nazir müavininin sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi vacib olsa da, bu, özlüyündə məqsəd deyil, iqtisadi dayanıqlılığı və artımı gücləndirən vasitədir.
O qeyd edib ki, SOCAR-ın son illərdə keçdiyi inkişaf yolu bu transformasiyanın ən yaxşı nümunələrindən biridir.
"Bu gün SOCAR artıq yalnız öz neftini və qazını emal edib satmır. Şirkət Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrində, o cümlədən İtaliyada dəyər zənciri boyunca fəaliyyət göstərir. SOCAR artıq neft və qaz deyil, bacarıq ixrac edir", - deyə E. Soltanov vurğulayıb.
Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri insan kapitalında formalaşan bilik və bacarıqların beynəlxalq bazarlarda satıla bilməsidir.
Rahim Tarıverdiyev energetika nazirinin müavini Elnur Soltanov iqtisadiyyat inkişafMənbə: apa.az