Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 13:20
Dövlət Proqramının uğurla icrası su ehtiyatlarından səmərəli istifadə məsələləri ilə də sıx bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” muxtar respublikanın su təminatının yaxşılaşdırılması, yeni su mənbələrinin yaradılması, suvarma infrastrukturunun müasirləşdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm vəzifələr müəyyən edib.
APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə deyib.
Onun sözlərinə görə, bu baxımdan hər iki strateji sənəd bir-birini tamamlayır: "Su ehtiyatlarının səmərəli idarə olunması əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün əsas şərtlərdən biridir. Yeni suvarma layihələrinin həyata keçirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və meliorativ tədbirlərin genişləndirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək".
Nazir həmçinin əlavə edib ki, Dövlət Proqramı çərçivəsində məhsul istehsalı ilə yanaşı emal sənayesinin inkişafı, aqroparkların və logistika imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllərin istifadəsi və kənd təsərrüfatında elmi yanaşmaların gücləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
İlahə Səlimova Müasir suvarma texnologiyalarının tətbiqi Rafail QuliyevMənbə: apa.az