AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır

AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır

Tarix: 24 Jun 2026 11:26

Azərbaycan Mərkəzi Bankı sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu tədbirində deyib.

Onun sözlərinə görə, əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan strateji hədəflər də kifayət qədər genişdir.

Ə. Məmmədyarov bildirib ki, hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır.

O qeyd edib ki, növbəti strateji dövrdə risk əsaslı prudensial nəzarət modelinin tam şəkildə formalaşdırılması, reaktiv nəzarət modelindən proaktiv nəzarət modelinə keçid, xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi, alternativ sığorta məhsullarının, o cümlədən takaful sığortasının tətbiqi əsas prioritetlərdən olacaq.

AMB rəsmisinin sözlərinə görə, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi, müştəri məmnuniyyətinin artırılması və rəqəmsal innovasiyaların genişləndirilməsi də yeni strategiyada xüsusi yer tutur.

Ə. Məmmədyarov vurğulayıb ki, müəyyən edilmiş prioritetlər risklərin daha effektiv idarə olunmasına, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələbinə uyğunlaşdırılmış məhsul və xidmətlərin təqdim edilməsinə, eləcə də sektorun institusional potensialının daha dolğun reallaşdırılmasına töhfə verəcək.

Rahim Tarıverdiyev sığorta strategiya Əliyar Məmmədyarov AMB

Mənbə: apa.az

Xəbər Lenti