Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 12:49
“Pambıqçılığın yenidən ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm nəticələr verməkdədir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin müəyyən etdiyi aqrar inkişaf strategiyası Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Aqrar sahəyə göstərilən dövlət dəstəyi, həyata keçirilən islahatlar, fermerlərin rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər pambıqçılığın inkişafında yeni mərhələnin əsasını qoyub. Bu diqqət və qayğı rayonumuzda pambıqçılığa marağın daha da artmasına, fermerlərin yüksək məhsuldarlıq uğrunda daha əzmlə çalışmasına və bu sahənin davamlı inkişafına zəmin yaradıb”.
APA-nın yerli müxbiri xəbər verir ki, bunu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Sabirabada keçirilən regional müşavirədə çıxışında deyib.
İcra başçısı qeyd edib ki, bu gün Beyləqanda pambıqçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biri olmaqla yanaşı, emal sənayesinin inkişafında da mühüm rol oynayır. Onun sözlərinə görə, ötən təsərrüfat ilində rayonda 8 min 898,3 hektar sahədə pambıq əkilib, 37 min 541 ton məhsul tədarük edilib. Hər hektardan orta məhsuldarlıq 42,2 sentner təşkil edib: “Beyləqan rayonu 2025-ci ilin yekunlarına əsasən pambıq məhsuldarlığı göstəricisinə görə respublikada birinci yerə yüksəlib”.
Əziz Əzizov qazanılmış nailiyyətlərin davamlılığının təmin edilməsi məqsədilə cari təsərrüfat ilində də pambıqçılığın inkişafı istiqamətində işlər ardıcıl şəkildə davam etdirildiyini deyib.
“Pambıqçılıqda respublika birincisi olmağımızla kifayətlənməyərək, ölkə rəhbərinin vurğuladığı kimi hər hektardan məhsuldarlığı 50 sentnerə çatdırmalı və xammal ixracından tam hazır toxuculuq məhsulları istehsalına keçid üçün yeni emal fabriklərinin qurulmasını təmin etməliyik”, - deyə icra başçısı vurğulayıb.
Əlibəy ZeynallıMənbə: apa.az