TDT Baş katibi: Dini məsələlər üzrə yeni əməkdaşlıq formatı sosial birlik və sabitliyə töhfə verəcək

TDT Baş katibi: Dini məsələlər üzrə yeni əməkdaşlıq formatı sosial birlik və sabitliyə töhfə verəcək

Tarix: 30 Jun 2026 12:15

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Şuşada keçirilən birinci görüşü Türk dünyasında institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Şuşada keçirilən tədbirdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Baş katib yeni əməkdaşlıq formatının din sahəsində dövlət qurumları arasında siyasət koordinasiyasını və təcrübə mübadiləsini genişləndirəcəyini deyib.

Onun sözlərinə görə, hazırda TDT xarici siyasət, iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər istiqamətlərlə yanaşı, dini məsələlər sahəsində də əməkdaşlığı inkişaf etdirir.

Kubanıçbek Ömüralıyev vurğulayıb ki, artan qütbləşmə, dezinformasiya, dözümsüzlük və dini ekstremizm fonunda üzv dövlətlərin aidiyyəti qurumları arasında sıx əməkdaşlıq sosial harmoniyanın möhkəmləndirilməsi, ortaq dəyərlərin qorunması və regional sabitliyin təmin olunması üçün vacibdir.

Baş katib bildirib ki, yaradılan yeni mexanizm Türk Dövlətləri Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətini tamamlayacaq və dini siyasətin formalaşdırılması sahəsində dövlət qurumları arasında institusional əməkdaşlığa yeni impuls verəcək.

O, həmçinin gənclərin mənəvi dəyərlər, etik prinsiplər və tənqidi düşüncə əsasında yetişdirilməsinin vacibliyini qeyd edib, dini təhsil, akademik mübadilə və elmi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Kubanıçbek Ömüralıyev TDT Katibliyinin dini məsələlər üzrə dövlət qurumları arasında əməkdaşlığın dərinləşdirilməsinə yönələn bütün təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib.

Elgün Gəncimsoy

Mənbə: apa.az

Xəbər Lenti